Azərbaycan səhnəsinin klassik “uşağı”, Azərbaycan ekranının təkrarsız “qoçusu”...
   
   1900-cü ildə Tiflisdə (ruhani ailəsində) doğulan, yeniyetməliyindən oxumağa, teatr sənətinə maraq göstərən, qastrol səfərlərinə gələn aktyorların tamaşalarını maraqla izləyib, onları özlüyündə təkrar edə-edə öz aktyorluq və oxuma qabiliyyətini inkişaf etdirən Möhsünü on ikicə yaşında ikən (1912) kiçik əsərlər səhnələşdirən həvəskarlar dərnəyinə üzv qəbul ediblər. H.Ərəblinskinin iştirakı ilə hazırlanmış “Gaveyi-ahəngər” tamaşasındakı rolunu (1915) çox məharətlə ifa etməsi onun sənət həyatında irəliləyişə səbəb olur. 15-16 yaşlarından etibarən bu gəncə bir-birinin ardınca daha ciddi rollar tapşırırlar. 1921-ci ildən isə artıq o, tələbkar Bakı tamaşaçıları qarşısında çıxışlar etməyə başlayır...
      
   Bu aktyorun sənət səhnəsinə gələnədək yaşadığı məhrumiyyətlər, sanki mərhəmətsiz bir dramaturq və rejissor tandemi tərəfindən hazırlanmış fəci bir -
   
   Həyat tamaşası... 
   
   Onun “həyat ibtidası” o dövr afişalarında tez-tez görünən “Bir aktyorun teatrı” benefislərinə adekvat bir “körpə dramı”. Sanki bütün bunlar balaca Möhsünü heç hara yox, məhz səhnəyə, sənətə gətirməkçün bir həyat vodevili imiş. 
   Dörd yaşında ikən ata-anadan yetim qalan Möhsün nənəsinin himayəsinə düşür. Nəvəsini də oğlu kimi mərsiyəxan görmək istəyən nənə onu mollalıq mədrəsəsinə qoyur. Lakin 8 yaşında ikən bu uşaq daha iki zərbə alır; nənəsi dünyasını dəyişir və təhsili yarımçıq qalır. “Əldən ələ keçən vəfasız həyat” bu dəfə ona daha vəfalı bir himayədar yetirir. Bu, sonralar Xalq artisti olacaq Əli Qurbanovun anası Zinyət xanım idi. Molla Zinyət onu öz çoxsaylı övladlarından da artıq sevələyib qayğısına qalır. Onlara yükolma xəcalətilə yaşaya bilməyən Möhsün isə 9 yaşında ikən işləməyə başlayır. “Şeytanbazar”da hər cür əzab-əziyyətə qatlaşmaqla bərabər, xəlqi dialoqlar, canlı monoloqlar da eşidən, təbii səhnələr görən bu “bezbilet” balacada, bütün bunları alovlu bir yamsılamaq eşqi yaranır. Bu eşqini vüsala yetirmək üçün hərdən gündəlik qidasını belə ödəməyən çörəkpuluna haram qatıb, yerlı teatr tamaşalarına baxmağa gedir və tezliklə “Şeytanbazar” çevrəli “dünya şöhrəti” qazanır. 
   Onun əsl şan-şöhrəti isə danışmaqla qurtarası deyil. Nə yaxşı ki (biri-birindən gözəl ekran yadigarları səbəbilə), heç buna ehtiyac da yoxdur. Ancaq, onun “O olmasın, bu olsun” şedevrimizdəki misilsiz Qoçu Əsgəri haqda qısaca söz açmaya bilməm.
   Öncə deyim ki, dahi Üzeyir bəy öz abidə-əsərlərindəki bənzərsizlərdən biri olan bu obrazı ilə o dövrdə tüğyan edən Bakı qoçularını, necə deyərlər, yerlərində oturtmağa başladı. Lakin bu da qeyd edilməlidir ki, onun bu ədəbi-bədii “hərəkat”ına Möhsün Sənani qədər hərəkət verən ikinci bir sənətkarın adını çəkmək mümkünsüz. Gəlin bir daha onun “zərtutma” (“Adə, Baloğlan, iskan (stəkan) gətir, hərif zər tutur!”) səhnəsindəki yalançı qoqazlanma və qonaqlıqdakı muğam anında yalanpış “huş-guş”unun, “Tarixi-Nadir”i yarıyacan oxumuşları” idarəetmə yekəxanalığının, “Adə, Baloğlan, sür geriyə” jarqonunu ifadə tərzinin, bazarda digər qoçu qarşısındakı xəcilliyinin, Məşədi İbaddan pulqoparma xitablarında 2 min manatdan 10 manata düşmə deqradasiyasının fərqinə varaq və keçək -
   
   Xatirələrə
   
   “Sehrli xalat” filmində “Zərifə” rolunun ifaçısı Solmaz Hətəmova: 
   “Çəkisizlik şəraitində “kosmik gəmi”də “uçarkən” sap nazikliyində polad simlər bağlanmış korset tipli köynək geyinərdik və onlar işıq seli altında görünməz olurdu. Biz hələ başa düşməsək də, bu “əməliyyat” çox qorxulu imiş; bəzən simlər qırılırdı. Bizimçünsə hər şey əla! Ən əsas da ona görə ki, ümumi ab-hava çox maraqlıydı; elə şərait yaradılmışdı ki, biz özümüzü böyüklərdən də sərbəst hiss edirdik. Sənani əminin bizə münasibətini isə xüsusi qeyd etməliyəm!..
   Yayın qızmar çağlarıydı. Bir tərəfdən günəş, o biri tərəfdən projektorların istisi! Çəkilişlərdən sonra xidməti işçilər bizi yelpikləyir, hamımızın “Sənani əmi”mizsə bizə əsl ata qayğısıyla yanaşırdı. Öz avtomobilində bizi dənizkənarı bulvara aparır, hər dəfə bizi dondurmaya qonaq edir, hansımızısa qaşqabaqlı görəndə roldan-rola girib hamımızı güldürür, yorulanda və ya nədənsə inciyəndə könlümüzü alırdı.
   Yadımdadır, ilk qonorarımız veriləndə anam mənimçün bahalı bir güldan aldı. Onu “o boyda pulu güldana verdiyinə görə” qınayanlara anam “uşağın öz qazancıdır” dedi, Sənani əmi isə: “Bu, Solmazın həm şəxsi, həm nəsli yadigarı olacaq”... 
   Bəli, o güldan mənimçün ən yaxşı xatirə, rəhmətlik Möhsün Sənaninin söylədiyi qiyməti doğruldan bir yadigardır; sonralar övladlarıma “bu, mənim 13 yaşımdakı qazancım”, kiçik yaşlarında onlara nəyəsə görə acıqlanıb hirslənəndə “Zərifə, gülümsə”, hərdən evimizdə işıqlar sönəndə “Uşaqlar, qorxmayın, məndə fənər var” kimi zarafatlar, xoş ovqatlar oyadan xatirə-yadigar...” 
   Gülər Möhsünqızı: 
   “Atam haqda düşüncələrimin nüvəsində “O, adi ata yox, atalar atası idi!” qənaətim durur. Bundan sonra deyirəm “çox gözəl, misilsiz insan, incəqəlbli baba, əvəzolunmaz sənətkar”. Mən xarakterimdəki bütövlüyə, zəhmətkeşliyə, bütün müsbət keyfiyyətlərə görə ona minnətdaram. Sağlığında bunu hərdən onun özünə deyərdim, indilər isə ruhuna...
   Xeyirxahlıq, əliaçıqlıq, başqasını dinləmə, kiməsə kömək əli uzatma kimi böyük insani keyfiyyətləri də atamdan öyrənmişəm. Mənim... on beş yaşınadək Tiflisdə zülümlər yaşayan, “Şeytanbazar”da hamballıq, “konki”lərdə konduktorluq etmiş atamdan. Şöhrət zirvələrindən ilki olan Əməkdar artist adına çatana qədər minbir əzabdan keçmiş atamdan. Sənət zirvələrinə yüksəldikcə xarakter-xasiyyət “iksir”ni sadələşdirən Möhsün Sənanidən... 
   Atamın Bakıya - doğma sənət dəryasına gəlməsində Mustafa Mərdanovun çox köməyi olub. Bakıda atam Mirzağa Əliyev kimi böyük aktyorların imtahanıyla teatra qəbul edilib və daim sənət-səhnə irəliləyişində olub, həmişə baş rollar verilib. Hamı onun səs diapazonundan, komik və tragik rolları eyni peşəkarlıqla oynaya bilməsindən, sözünə səhnəyə çıxmazdan əvvəl başlamaqla, həm səhnə məkanına bir mizan yeniliyi, həm də özü üçün əlçalma “avans”ı qazanma kimi bacarıqlarından danışırdı. 
   Atamı anamdan da çox sevirdim. Hətta buna ara verməməkçün dərs kitablarımı özümlə götürüb onun maşınında oxuyurdum; təki atamın yanında olum... 
   Məni bütün tamaşalarına aparırdı. Evdəki məşqləri zamanı tanış olduğum rollarını elə cazibədar oynardı ki, salonda ağlayardım. Bəzən inana bilmirdim ki, bu qədər çətin obrazı bunca ustalıqla oynayan bu aktyor - ev-eşikdə mənimçün bu qədər asan insan olan atamdır!.. 
   Atamı bütün insanlar sevirdi. Bu, vəzifəyə, savada, digər reputativ keyfiyyətlərə görə edilən hörmətlərdən yox, sırf ürək işi olan sevgilərdən idi! Piyada və ya maşınla harasa gedəndə hər kəs ona hörmət-izzətini bildirər, yol milisləri (polis) onu məxsusi “çest”lə salamlayıb, uğurlardılar. 
   Atamla bağlı söhbətlərdə hərdən “atanızın hansı obrazını daha çox sevirsiz” sualı da olur və dərhal “Göz həkimi” tamaşasındakı sürücü Həsənağa rolu gözlərim önünə gəlir... 
   “Gözlərim önünə” ifadəsi atamın son obrazlarından birini (N.Dumbadze - “Darıxma, ana”) yadıma saldı... Hə, artıq görmə qabiliyyəti tamam zəifləmişdi və o tamaşanın bir məqamında “sevinirəm ki, sağam, nəfəs alıram, görürəm...” deyəndə, gözlərindən yaş gedirdi. Tamaşaçılar bunu da əsər mizanı kimi qəbul edirdilər, mənsə... 
   Elə axırıncı rolunu da həmin tamaşada oynadı, birdən ayağı büdrədi və bir daha teatra getmədi..."
   
   Tahir Abbaslı