Rəssam Kirman Abdinin şairin yaradıcılığına həsr etdiyi əsərlərin albom-kataloqu nəşr edilib
   
   Tanınmış rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Kirman Abdinin 2016-cı il oktyabrın 13-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Məmməd Araz poeziyasına həsr etdiyi «İsinsin azacıq bu daş duyğular» adlı fərdi sərgisi keçirilmişdi. Sərgidə müəllifin 60 qrafik əsəri nümayiş olunmuşdu. 
   Bugünlərdə muxtar respublika Rəssamlar Birliyi dövlət dəstəyi ilə sərginin albom-kataloqunu nəfis tərtibatla çap edib. Sərgidə nümayiş olunan bütün qrafik əsərlər kataloqa daxil edilib. Məmməd Araz poeziyası, görkəmli şairin yaradıcılığı şeir və rəsm harmoniyasında öz əksini tapıb. 
   Rəssam Kirman Abdin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəhbərliyinə, Naxçıvan Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyevaya və albom-kataloqun ərsəyə gəlməsində zəhməti olan müvafiq qurumlara təşəkkürünü bildirib.