Fevralın 10-da “Holiday İnn” hotelində “British Council” və “PAŞA Bank”ın birgə həyata keçirdikləri “Biznes jurnalistikası” layihəsinin 60-dan çox məzunu ilə görüş keçirildi.
   “British Council”un Azərbaycan üzrə direktoru Elizabet Vayt müasir dövrdə jurnalistikanın inkişaf istiqamətlərindən danışdı. Bildirdi ki, onlayn xəbər axtarışında olan şəxslərin maraqlarını qarşılamaq üçün jurnalistlər internet resurslarından istifadə edərək xəbəri və ya məlumatı yeni üsullar vasitəsilə çatdırmağın yollarını tapmalıdırlar. 
   Qeyd etdi ki, “Biznes jurnalistikası” layihəsi “British Council” və “PAŞA Bank” tərəfindən 2011-ci ildən həyata keçirilir. Layihə öyrənmək, inkişaf etmək arzusunda olan və yeni biliklər əldə etmək istəyən jurnalistlərin iştirakı ilə həyata keçirilib. Bu müddət ərzində layihə çərçivəsində Azərbaycanın 30-dan çox media qurumunu təmsil edən 60-dan çox jurnalist xüsusi hazırlanmış proqram üzrə peşəkar media qabiliyyətləri və bacarıqları üzrə təlimlərdə iştirak edib. Təlimlər “Thomson” Fondunun peşəkar mütəxəssisi tərəfindən keçirilib. 
   Proqramın iştirakçıları təlimlər zamanı xüsusi hazırlanmış biznes jurnalistikası kursunu keçib, eləcə də Böyük Britaniyaya səfər çərçivəsində ölkənin tanınmış jurnalistləri ilə görüşüb, qabaqcıl media təşkilatlarında olublar.
   Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Kerol Meri Krofts layihənin əhəmiyyətindən danışdı. Bildirdi ki, layihə çox uğurlu olub və Azərbaycanın media sahəsinə öz töhfəsini verib.
   “PAŞA Bank”ın təmsilçisi Sona Abbasova layihənin icrası çərçivəsində görülən işlərdən və qazanılan uğurlardan söz açdı. Vurğuladı ki, Azərbaycanda biznes sahəsində çalışan media nümayəndələri bu layihə çərçivəsində böyük təcrübə əldə ediblər.
   “Thomson” Fondunun nümayəndəsi Dan Mason isə layihə iştirakçılarının təlimlərdə qazandıqları bilik və təcrübələri öz fəaliyyətlərində uğurla tətbiq edəcəklərinə inandığını vurğuladı.
   Tədbirdə “Biznes jurnalistikası”nın məzunları, qonaqlar layihə haqqında fikirlərini bölüşdülər.
   
   Fariz Hüseynov