Dekabrın 6-da Gürcüstanın paytaxtı Tbilisidə 11-ci Beynəlxalq Film Festivalı başlayıb. Gürcü rejissoru Otar Çelidzenin "Şantrapa" ("Yaramaz") filmi ilə açılan festival çərçivəsində 19 ölkənin 100-dən çox kinofilmləri nümayiş etdiriləcək. Tədbirdə yüzə qədər xarici rejissorlar, kino xadimləri, prodüserlər, aktyorlar, kinoşünaslar, festival menecerləri və jurnalistlər iştirak edəcək.
   Festivalın müsabiqə proqramına Azərbaycandan rejissor İlqar Safatın “Sahə” filmi (“Nərimanfilm” (Azərbaycan) və “Baqirafilm”in (Gürcüstan) birgə istehsalı) də daxil edilib. Müsabiqədə həmçinin Polşa, Böyük Britaniya, Ukrayna, Gürcüstan, Almaniya, Rusiya, İspaniya və Serbiya rejissorları tərəfindən çəkilən filmlər nümayiş olunacaq.
   Festivalın münsiflər heyətində Serbiya kinorejissoru Jelimir Jilnik, iranlı rejissor Xana Maxmalbaf, Britaniya aktrisası Mariya d`Abo, gürcü rejissoru Nana Corcadze və rus rejissoru Yelena Xazanova təmsil olunur. Filmlər iki nominasiyada - "Qızıl Prometey" və "Gümüş Prometey" - qiymətləndiriləcək.
   Festivalda iştirak edən kino xadimlərinin gənc kinematoqrafçılar üçün ustad dərsləri də nəzərdə tutulub.