“Uğursuzluqlar komediya üçün əsl xammaldır. Amma onlar ciddi, faciə filmləri üçün də əla mövzudur”
   
   Dünya kinosunu məşhur rejissor, aktyor, komik, yazıçı Vudi Allensiz təsəvvür etmək çətindir. O, dünya kinematoqrafiyasında hər şeydən əvvəl intellektual komediya janrının yaradıcısıdır. 
   
      Allen təkcə absurd elementlərini ehtiva edən, cəmiyyətdəki proseslərə eyhamlar vuran komediyalar yox, həm də psixoloji dramlar çəkir. Onun filmlərinə («Enni Holl», «Matç Poynt», «Hanna və bacıları», «Manhetten») güclü, intellektual yumor, dərin dramatizm, pessimizm, fəlsəfi çalarlar xasdır. Bəzi filmlərində («Sentyabr») isə İnqmar Berqman və Federiko Fellininin təsirləri hiss olunur.
   Amerika intellektual kinosunun ən parlaq müəlliflərindən olan Vudi Allen bir neçə dəfə “Oskar”a layiq görülüb, Kann və Venesiya festivallarının xüsusi mükafatlarını qazanıb. Son illər Avropada işləyir («Sensasiya», «Viki Kristina Barselona»). Rejissorun Londonda ekranlaşdırdığı yeni «Mən sənin arzularının kişisini görürəm» filmində Entoni Hopkins, Antonio Banderas, Jorj Brolinin kimi tanınmış aktyorlar çəkilib. Hadisələr bir ailənin üzvləri ətrafında baş verir, onların dolaşıq münasibətlərindən və problemlərindən danışır. Film bu günlərdə Avropada ekranlara çıxıb.
   Rejissorun «Sueddeutsche Zeitung» qəzetinə verdiyi müsahibəni təqdim edirik.
   
   - Son filminizdə heyrətamiz yağış səhnəsi var. İki sevgilinin qarşılaşdığı səhnəni nəzərdə tuturam.
   - Amma bu süni yağışdır. Əsl yağışı çəkmək çox çətindir. Çünki onda su kameraya sıçrayır. Aktyorlar da islanmağa məcburdurlar. Hətta bu cür çəkilişlər yağışlı günə təsadüf etsə belə, yenə süni yağışda çəkməyə məcburuq. Mən bütün filmboyu yağış yağan film çəkmək istərdim. Hətta «Nyu-Yorkda yağış» adlı ssenari yazmışam, amma filmi çəkə bilmirəm. Filmi boz bir gündə də çəkmək olar, amma qadın və kişinin görüşü zamanı yağan yağış obrazlar arasında atmosferə bir intimlik gətirir.
   - Filmlərinizdə təsvir etdiyiniz obrazlar özünüzün xoşuna gəlir?
   - Əslində onlardan xoşum gəlib gəlməməyim haqda heç zaman ətraflı düşünmürəm. Son filmdə məni yalnız Hopkinsin oynadığı obraz kədərləndirir, o filmdə var-yoxdan çıxarılan bir sadəlövh rolunu ifa edir. Brolinin qəhrəmanı isə istedadlı yazıçı olsa da, bəxti gətirmir.
   - Amma siz özünüz onları bu cür təsvir edirsiniz və personajların hamısının həyatı amansızcasına sonuclanır.
   - Əksər insanlar həyatlarını məhşərdə keçirir. Biz öz taleyimizdən baş açmağı, onu qaydasına salmağı bacarmırıq. Mən qatı pessimistəm. Filmlərimdə kimsə nəyəsə inanırsa bu artıq qroteskdir. Əslində insan nəyəsə inananda bu, həmişə ona kömək edir. Amerikalı məşhur din xadim Billi Qrem deyir ki, bəlkə də Tanrı yoxdur və həyat mənasızdır. Amma onun həyatı həmişə mənim həyatımdan daha yaxşı olub. Çünki onun inancı var, o hər şeyə nikbinliklə baxır, onun heç zaman qorxusu olmayıb. Hər halda bu, gözəldir. Mən isə həmişə nigaran və narahatam.
   - Sizin son filminizdə də insanlar xoşbəxt deyillər. Xüsusən də Hopkinsn oynadığı personaj.
   - Çünki o həyatının sonluğunu dərk edir və qorxur. Qorxduğuna görə də arvadını tərk edir. Çünki arvadı ona bütün dövrlərin həqiqətini deyir :sən artıq gənc deyilsən.
   - Sizin obrazlarınızın elə səhvləri var ki, özünüz onlardan qaçmağa cəhd göstərmisiz?
   - Belə məqam olmayıb. Amma hər halda məni maraqlandıran əhvalatlar özümə aid olan məsələlərdən də bəhs edir.
   - Siz bir neçə ildir ki, doğma şəhəriniz Nyu-Yorkda yox, Avropada çalışırsınız.
   - Avropada işləmək, filmlərə maliyyə tapmaq daha asandır. Bu o demək deyil ki, filmlərimi çəkmək üçün Amerikada artıq pul tapmıram. Bunun üçün ssenari təqdim etməli və rolların bölüşdürülməsi haqda danışmalıyam. Avropada studiya sistemi yoxdur, filmi maliyyələşdirən də işə qarışmır, Avropada məndən bir dəfə də olsun soruşmayıblar ki, filmdə kim iştirak edəcək. Amerikada isə film istehsalçısı birinci şəxs kimi danışır.
   - Bu düzdür ki, ilk ssenari müəllifi olduğunuz «Məstanım, yeni nəsə var?» filmi sizin köməkliyinizlə çəkilib?
   - Mənə o zaman ssenari yazmaq sifariş olunmuşdu. Film kommersiya cəhətdən uğurlu olsa da, mən çox stress keçirdim. Onda qərara aldım ki, öz ssenarilərimi yalnız özüm ekranlaşdıracağam.
   - Amma bu filmə görə siz rejissor oldunuz və Amerika kino tarixində dönüş nöqtəsi yaratdınız.
   - Ola bilər. Perl Harbor II Dünya müharibəsində dönüş yaratdığı kimi.
   - Son filminizdə «Maqbet»dən sitat gətirirsiniz ki, həyat heç bir şey anlatmayan, mənasız səs-küy və qəzəb hekayəsidir.
   - Hər şey əndazədə olan mənasızlıqdır, terrorizmdən tutmuş bir film premyerası üçün smokinqimin vaxtında təmizlənməsinə kimi. Yalnız səs-küy və sərsəmləmə.
   - Yanlışlıq, uğursuzluq sizin sevimli mövzularınızdır. Bu komizmin əsas qaydalarındandır: uğursuzluq yalnız gülüş doğurur?
   - Burada Çaplin və ya Kiton yada düşür. Həyatın uğursuzluqları komediya üçün əla xammaldır. Amma onlar eyni zamanda ciddi, faciəli əhvalatlar üçün də əla mövzudur. Qətl, gülüş, yalan, oğruluq... Bundan əla dramlar və faciələr yaratmaq olar. Eyni zamanda onlar komik əsərin də mövzusu ola bilər.
   
   Hazırladı:
   Sevda Əliəşrəfqızı