Dekabrın 13-dən 16-dək Bakıda Türk Filmləri Həftəsi keçiriləcək. Türkiyənin Bakıdakı səfirliyinin mədəniyyət müşavirliyindən verilən məlumata görə, film həftəsində Türkiyənin son illər dünyanın müxtəlif festivallarında mükafat qazanmış ekran əsərləri təqdim olunacaq. Onların sırasında «I love you” filmi (rejissor Sermiyan Midyət) 2009-cu ildə komediya janrında çəkilib.
   Məşhur türk aktyoru və rejissoru Mahsun Kırmızıgülün çəkdiyi «Bəyaz mələk» filmi Azərbaycan tamaşaçısına yaxşı tanışdır. 2007-ci ildə dram janrında çəkilən film Qocalar evi və onun sakinlərindən bəhs edir.
   Yılmaz Ərdoğanın «Nəşəli həyat» filmi 2009-cu ildə çəkilib. Rejissorun «kiçik adamın böyük hekayəsi» olaraq çəkdiyi filmin mövzusu təxminən bundan ibarətdir: arxasında dünyanın yükünü daşıyan Rza sonda bunu öyrənir: həyat dediyimiz nəsnə uşaqların inandığı yalanlardan daha gerçək deyil.
   “Əşrəfpaşalılar” filmi (rejissor Xudaverdi Yavuz) iki fərqli dostdan bəhs edir. Təyyar mafiya başçısıdır, Davud isə öz zəhməti ilə çörək pulu qazanır. Həm komediya, həm də dram janrında 2010-cu ildə çəkilən filmdə iki dost arasında baş verən konfliktlər təsvir olunub. Digər nümayiş olunacaq film «Vizontele Tuba» adlanır.
   Filmlər Teatr Xadimləri İttifaqında nümayiş olunacaq. Giriş pulsuzdur.
   
   Mehparə