Bugünlərdə Beynəlxalq Muğam Mərkəzində rejissor İlqar Safatın “Sahə” filminin təqdimat mərasimi keçirildi. Mədəniyyət və Turizm Nazirliyi, “Nərimanfilm” (Azərbaycan) və “Baqirafilm”in (Gürcüstan) birgə istehsalı olan ekran əsəri maraqlı janrlar kəsişməsini - fövqəltəbiilik ilə misteriyanı - özündə birləşdirir. Film tanınmış fotoqrafın nişanlısı ilə avtomobil qəzasına uğradıqdan sonra ərazi polis bölməsinə düşməsindən, bundan sonra dramatik gərginlik içində cərəyan edən hadisələrdən bəhs edir. Bu, keçmişi indiki həyatına mane olan bir insanın hekayəsidir. Filmin operator işi xüsusi ilə diqqət çəkir. Ümumiyyətlə, film kino ictimaiyyəti tərəfindən maraqla qarşılandı. Filmlə bağlı rejissor İlqar Safatla görüşüb söhbət etdik.
   
   - Bu vaxta qədər müxtəlif filmlər çəkmisiniz. Amma ən çox rezonans doğuran “Sahə”dir...
   - “Sahə” mənim ilk tammetrajlı filmimdir. Ona qədər mən əsasən sənədli və qısametrajlı filmlər çəkmişəm. Eksperimental işlərim də olub. Bu film, yəqin ki, öz hekayəti ilə, dramaturji strukturu ilə diqqəti cəlb edir. Biz əslində iki tam müstəqil hekayət nəql edirik ki, bunlar da bir-biri ilə bağlanır və biri digərinin açılmasına səbəb olur. Bir süjet digərinə aparıb çıxarır və biz tədricən baş qəhrəmanın daxili aləminin dərinliklərinə müdaxilə edirik. Zaman yelpik kimi açılır.
   - Sahə filmini “art-house” janrında çəkilmiş uğurlu filmlərdən biri hesab etmək olar. Amma Avropada da belədir ki, müəllif filmlərinin auditoriyası o qədər də böyük olmur. Filmi çəkərkən auditoriya sizi düşündürdümü? Tamaşaçı marağının az olacağı sizi qorxutmadı?
   - Mən tamaşaçılara hörmətlə yanaşıram və elə hesab etmirəm ki, insanlara yalnız televiziyada gördükləri lazımdır. Mənə elə gəlir ki, tamaşaçılara da mənə maraqlı olanlar maraqlıdır, insanları eyni əbədi suallar, əbədi hekayətlər düşündürür, sadəcə olaraq həmin hekayətləri nəql etməyi bacarmaq lazımdır.
   - Ümumiyyətlə, necə düşünürsünüz, rejissor filmi çəkərkən tamaşaçı kütləsini düşünməlidir?
   - Əlbəttə, rejissor filminin auditoriya tərəfindən necə qarşılanacağı və filmin tamaşaçılara necə təsir göstərəcəyi haqqında düşünməlidir. Bu proses professional münasibətin bir hissəsidir. Sən insanlar üçün və insanlar haqqında çəkirsən. Hətta müəyyən hekayəti və yaxud lətifəni danışan şəxs də öz dinləyicilərinin diqqətini cəlb etmək istəyir. Elə etmək istəyir ki, onun hekayəsi dinləyicilərin yaddaşına həkk olsun. Əks təqdirdə o, pis hekayətçidir. Kinoda da belədir. Hər bir rejissor insanlara vacib hesab etdiyi bir həqiqəti danışmaq istəyir. Və bu zaman qavrama qanunlarını bilmək, insan psixologiyasını başa düşmək lazımdır.
   - Filmin ideyası necə yarandı?
   - İdeya 2004-cü ildə Moskvada meydana gəldi. Mən Xabarovskdan yenicə qayıtmışdım, orada şamanizm haqqında sənədli film çəkirdim. Yəqin ki, o zaman məni maraqlandıran suallardan bir hissəsi “Sahə”yə də keçib. Burada həm şamanizm, həm qayaüstü şəkillər, həm də insanın digər məkana transpersonal səyahəti mövzusu da var. “Sahə” filmi mənim Uzaq Şərqdə çəkdiyim “Səmanın kökləri” sənədli filmindən də qaynaqlanıb.
   - Siz həm də musiqiçisiniz, yüzə yaxın bəstələriniz var. Filminizə musiqi bəstələmək kimi bir arzu ürəyinizdən keçmədimi?
   - Saundtrek üzərində mən işləmişəm, ona görə ki, məhz rejissor bəstəkar qarşısında tapşırıqları qoyur: ona hər hansı kadrda nə eşitmək istədiyini bildirir. Digər tərəfdən, mənim fikrimcə, filmin musiqisini professional bəstəkar yazmalıdır. Bizim filmdə ancaq studiyada orkestrlə yazılmış canlı səsdir, elektron musiqi və sintezatorlar yoxdur. Bu, bəstəkar Andrey Doynikovun çox böyük və ciddi işidir. O, “Sahə” filmi üçün bir saatdan artıq davam edən musiqi yazıb. Andrey istedadlı insandır, kinonun təbiətini çox yaxşı hiss edir və anlayır.
   - Tamaşaçılar və kino tənqidçilərinin böyük qismi filmdəki operator işini çox bəyəndi. Ümumiyyətlə, çəkiliş qrupunda əcnəbilərə böyük yer vermisiniz. Bu nədən irəli gəlir?
   - Əlbəttə, layihəyə həmişə professionalları və inandığın insanları cəlb etmək lazımdır. Bu zaman nə onların milləti, nə də vətəndaşlığı vacib deyil. Əsas odur ki, işlərini yaxşı bilsinlər. Filmin operatorları Varlam Karçxadze və Mindia Esadze mənim dostlarımdır və onlarla işləmək mənim üçün çox rahat idi.
   - Bir rejissor kimi siz özünüz dünya kino estetikasından nələri bəyənib milli kinomuza gətirmək istərdiniz?
   - Mən öz kino estetikamı, öz kino dilimi inkişaf etdirmək istəyirəm. Milli kinomuza dünya estetikasından nəsə gətirmək haqqında düşünməmişəm. Sadəcə olaraq, mənə maraqlı olan, məni cəlb edən hekayətləri danışmaq istəyirəm. Ancaq mən istəyirəm ki, bu filmlər başqa insanlarda da maraq oyatsın və bədii əsər olaraq öz həyatını davam etdirsin.
   - Elə bir film varmı ki, dəfələrlə ona baxsanız da sanki ilk dəfədir kimi izləyirsiniz, yaxud o filmə həsədlə baxırsınız...
   - Əlbəttə, məsələn, Berqmanın, Tarkovskinin, Fellininin, Çaplinin filmlərinə təkrar-təkrar, dəfələrlə baxa bilərəm. Bu, klassikadır və heç zaman köhnəlmir.
   - Azərbaycan kinosunun bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?
   - Çox pozitiv qiymətləndirirəm. Əlbəttə, problemlər hələ qalmaqdadır, amma müşahidə etdiyimiz tendensiyalar böyük ümidlər verir. Fikrimcə, nəticələr təqribən 5 ildən sonra nəzərə çarpacaq. Mənə elə gəlir ki, Azərbaycan kinosunun gələcəyi uğurlu olacaq. Əsas odur ki, çox işləyək, az danışaq.
   - Qarşıda hansı layihələr var?
   - Kino çəkmək, ssenarilər, nəsr əsərləri yazmaq... Bəlkə teatrda və yaxud da, çox sevdiyim operada hər hansı bir əsərə quruluş vermək...Planlar çoxdur.
   
   Söhbətləşdi: Yeganə Cansail