Prezident İlham Əliyev fevralın 23-də “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.
   Sənəddə qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də ixracyönümlü iqtisadi model önə çəkilərək, yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata keçid başlıca məqsədlərdən biri kimi müəyyən olunub. Bu çərçivədə xüsusən MDB ölkələri, Türkiyə, Gürcüstan və İran kimi mühüm region ölkələri ilə Azərbaycanın ticarət qovşağı kimi mövqeyinin güclənməsi başlıca hədəfdir. Bu məqsəd ölkəmizin şaxələndirilmiş nəqliyyat-logistika imkanlarından və informasiya-kommunikasiya texnologiyaları sahəsində nailiyyətlərindən səmərəli istifadə etməklə, ixrac potensialının yüksəldilməsini, transsərhəd ticarətin, o cümlədən elektron ticarətin əhatə dairəsinin genişləndirilməsini zəruri edir.
   Fərmanda qeyd olunan məsələlərlə bağlı müvafiq dövlət qurumlarına tapşırıqlar verilib. O cümlədən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə mədəni sərvətlərin ixracı üçün mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsini təmin etmək tapşırılıb.