Gənc rejissorlar Fransada “Yay məktəbi”ndə iştirak edə biləcəklər 
   
   Bakıda səfərdə olan məşhur fransız aktyoru Jerar Depardye dekabrın 14-də Dövlət Film Fondunda Azərbaycan kinematoqrafçıları ilə görüşdü. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov və kino ictimaiyyəti iştirak edirdi. J.Depardye kino işçilərinin suallarını cavablandırdı.
   Aktyor ona ünvanlanan suala cavab olaraq bildirdi ki, dünyada məşhur olan və serial şəklində çəkilən “Səni sevirəm Nyu-York”, “Səni sevirəm Paris” silsiləsinin davamını Bakıya həsr edə bilər: “Gənc rejissorlar mənə bununla bağlı maraqlı layihələr təqdim etsələr, çox gözəl olar”. Aktyor bu layihə üçün ABŞ və Avropa ölkələrinin tanınmış aktyorlarının da cəlb olunacağına söz verib.
   Azərbaycanın gənc rejissorları Jerar Depardyenin Fransada hər il keçirdiyi “Yay məktəbi”ndə iştirak edə bilərlərmi sualına aktyorun cavabı belə oldu: “Bunun üçün xüsusi müsabiqədən keçmək və qısametrajlı film layihəsini təqdim etmək lazımdır. 10 ildir, fəaliyyət göstərən “Yay məktəbi”ndə iştirakçıların öz filmlərini çəkməsi üçün bütün imkanlar yaradılır. Bu imkan artıq Azərbaycan rejissorları üçün də yaradılacaq. Sadəcə, bizə layihələr təqdim etmək lazımdır”.
   Film Fondunda keçirilən görüşdən sonra J.Depardye Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə tanış oldu. Aktyor kinostudiyanın yeni avadanlıqla təchiz etmək üçün keçiriləcək tenderdə iştirak etmək niyyətində olduğunu bildirdi.
   Qeyd edək ki, fransalı aktyorun Azərbaycana səfəri dekabrın 16-dək davam edəcək.