Kinosevərlərə son illərdə Türkiyə kinematoqrafçılarının çəkdiyi beş ekran əsəri təqdim olunacaq
   
   Dekabrın 13-də Azərbaycan Teatr Xadimləri İttifaqında Türk Filmləri Həftəsinin açılışı olub. Açılış mərasimində çıxış edən Türkiyə Beynəlxalq Kinematoqrafçılar Cəmiyyətinin nümayəndəsi Taner Yıldız bildirib ki, Türk Filmləri Həftəsi çərçivəsində beş film nümayiş etdiriləcək. 
   
   Buraya Türkiyə kinematoqrafçılarının son illərdə müxtəlif janrlarda çəkdikləri və böyük populyarlıq qazanan ekran əsərləri daxildir: “Biz gözləyirik ki, Türkiyədə də Azərbaycan filmlərindən ibarət festival təşkil olunsun”.
   Daha sonra Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov ölkəmizdə hər il ənənəvi olaraq Türk Filmləri Həftəsinin keçirildiyini nəzərə çatdırdı: “Bu dəfə də Türk Kino Həftəsinin proqramı rəngarəngdir. Tamaşaçılara dünya miqyasında məşhur olan türk filmləri nümayiş olunacaq. Gələcəkdə Türkiyə və Azərbaycan kinematoqrafiyasında əlaqələrin gerçəkləşməsi ilə bağlı layihələr haqqında düşünürük”.
   Mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç da iştirak edirdi.
   Tamaşaçılara ilk olaraq tanınmış türk aktyoru və prodüseri Mahsun Kırmızıgülün “Bəyaz mələk” filmi təqdim olundu. 2007-ci ildə dram janrında çəkilən film qocalar evi (“Xoşbəxtlik evi”) və onun sakinlərindən bəhs edir. Onların hər birinin öz hekayəsi var. Filmin qəhrəmanı Əhməd bunları öyrəndikcə onlara daha yaxın olub hər birini daha çox sevir. Ekran əsərinin əsas hissəsi isə qocalarla birgə səyahətdən başlayır.
   Dekabrın 16-dək davam edəcək Türk Filmləri Həftəsinin proqramına daxil olan digər filmlər bunlardır: «I love you”, «Nəşəli həyat», “Əşrəfpaşalılar”, «Vizontele Tuba».
   
   Yeganə