Dekabrın 10-da Bakıda Avropa Film Festivalına start verilib. Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Aİ-yə üzv dövlətlərin respublikamızdakı səfirliklərinin birgə təşəbbüsü ilə təşkil edilən festival proqramına Avropanın 14 ölkəsinin filmlərinin nümayişi daxildir.
   “Landmark” otelində keçirilən açılış mərasimində çıxış edən Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia bildirib ki, dekabrın 16-dək davam edəcək tədbir Avropa ölkələri ilə Azərbaycan arasında mədəni əlaqələrin qurulmasına və inkişafına, Avropa dəyərlərinin, mədəniyyətinin daha geniş şəkildə təbliğinə xidmət edəcək. Festival proqramına daxil olan ekran əsərləri Avropada müxtəlif ictimai təbəqələri narahat edən miqrasiya, işsizlik, bürokratiya, yaşlaşmaq məsələlərindən başlayaraq, qlobal istiləşmə və s. mövzuları əhatə edir. Festivalda bütün filmlər ingilis dilində, bir neçəsi isə Azərbaycan və rus dillərində olan subtitrlərlə nümayiş olunur. Filmlərə baxış pulsuzdur.
   Festivala Belçikanın “Hop” filmi ilə start verilib. Dekabrın 11-də çexiyalı rejissor Jan Sverakın “Şüşə qab” filmi nümayiş etdirilib. Paytaxt kinosevərləri Avstriya istehsalı olan və “Oskar” mükafatına layiq görülmüş “Saxtakarlar” ("The Counterfeiters") və Macarıstanda çəkilmiş “Bridgeman” filmlərinə baxmaq imkanı qazanıblar.
   Qeyd edək ki, tamaşaçılar Avropa filmlərinə böyük maraq göstərirlər. Dekabrın 14-dək festival çərçivəsində nümayiş olunmuş filmlərə 2 mindən çox tamaşaçı baxıb. Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
   Dekabrın 15-də tamaşaçılar Polşada istehsal olunmuş “Ölüm vaxtı” və Hollandiyada çəkilmiş “Duska” filminə baxa biləcəklər. Festival dekabrın 16-da İngiltərədə istehsal edilmiş “Ağılsızların əsri” və Almaniyada çəkilmiş “4 dəqiqə” filmlərinin nümayişi ilə yekunlaşacaq.