Ankarada Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə “Balkan ölkələri tanıtım günü” keçirildi. Tədbirdə Albaniya, Bosniya-Herseqovina, Bolqarıstan, Çernoqoriya, Kosovo, Makedoniya, Serbiya və Yunanıstan kimi ölkələrdən Türkiyəyə təhsil almaq üçün gələn gənclər iştirak edirdi.
   Tədbirdə çıxış edən dərnəyin fəxri sədri Yalçın Topçu bildirdi ki, tanıtım günündə bir çox ölkələrdən gələn qardaşlarımız var: “Ümid edirəm ki, buradakı birliyimiz, türk-islam dünyası və bütün insanlıq üçün qardaşlıq və sülhə vəsilə olacaq. Qeyri-hökumət təşkilatları fərqli millət, ölkə, din, dil mənsublarını səmimi mühitlərdə bir araya gətirərək, fərqliliklərin aradan qalxmasını, millətlərarası bağların güclənməsini və müharibələrin səbəbini mühakimə edən bir təsisatlardır. Sizlər, sabah ölkələrinizə gedəcəksiniz. Mən inanıram ki, belə mühitlərdən ölkələrinə gedən insanlar daha çox sülhün, insanlığın tərəfdarı olacaq, savaşlara qarşı çıxacaq”.
   Dərnəyin sədri, millət vəkili Mətin Gündoğdu isə tələbələrə üz tutaraq dedi: “Sizlər bizə ailələrinizin və ölkələrinizin əmanətisiniz. Bir problemlə qarşılaşdığınızda, dəstəyə ehtiyacınız olduğunda bizimlə ünsiyyətə keçə bilərsiniz. Biz sizə yardım etməkdən məmnunuq. Məqsədimiz Türkiyəyə təhsil almaq üçün gəlmiş sizlərin ölkəmizə uyğunlaşmasını asanlaşdırmaqdır və problemlərinizin həllinə kömək etməkdir”. 
   Sonra Balkan ölkələrindən olan tələbələr kürsüyə qalxaraq öz ölkələrini təqdim etdilər. 
   
   Mehparə Sultanova
   Ankara