Dekabrın 10-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Sınaqfilm” studiyasında rejissor Çingiz Rəsulzadənin çəkdiyi “Kuklalar” bədii filminin təqdimatı keçirildi.
   
   Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun böyük məsləhətçisi Almaz Sultanzadə son illər çəkilən ekran əsərləri və bu sahədə edilən inkişafdan danışdı.
   Sonra çıxış edən filmin ssenari müəllifi və rejissoru Çingiz Rəsulzadə bildirdi ki, yeni ekran əsəri ötən əsrin 80-ci illərinin sonunda - SSRİ-nin süqutu ərəfəsində Bakıda cərəyan edən hadisələri əks etdirir: “Bir qrup oğlan Dənizkənarı Parkda kukla geyimlərində şəkil çəkdirməklə pul qazanır. Onların həyatında hər şey ilk dəfə baş verir: məhəbbət, dostluq, xəyanət. Özləri dərk etdikləri kimi azad yaşamağa can atan bu gənclərin uşaqlıq dövrü sovet imperiyasının dağılması ilə bitir. Nəticədə gənclər azadlığı əldə etsələr də, artıq daha böyük miqyasda oynayan kuklalara çevrilirlər”.
   Filmin quruluşçu operatoru Yuri Varnovski, quruluşçu rəssamı Rövşən Mehdiyev, bəstəkarı İsa Məlikov, prodüseri Tofiq Musayevdir.
   Rollarda Qorqud Cəfərli, Yevgeni Qəhrəmanov, Cavid Quliyev, Ağa Bədəlov, İsgəndər Ağagülov, Emil Zöhrabov, Cəminə Ağayeva, Şəlalə Quliyeva, Vahid Əliyev, Xalidə Quliyeva, Abbas Qəhrəmanov, Şahmar Qəribli, Elvira Cəfərova, Mehriban Xanlarova, Ömür Nağıyev və başqaları çəkiliblər.

   Yeganə