Martın 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Beynəlxalq Qadınlar Günü münasibətilə “Könlümə düşmüsən” adlı şou-proqram təqdim olunacaq. Teatrın gənc və istedadlı aktyoru İlham Əsədovun kollektivin xanımlarının şərəfinə verdiyi konsert proqramı artıq ənənə halını alıb.
   Artıq 9-cu ildir baş tutan konsertin əsas məqsədi xanımların zövqlərini oxşayacaq musiqi nömrələri təqdim etmək, yaddaqalan bayram sevinci yaşatmaq, teatr rəhbərliyi tərəfindən hazırlanmış xüsusi hədiyyələrlə sevindirməkdir.
   Şou-proqramda xanımlar üçün İlham Əsədovun və dəvət olunmuş qonaqların ifasında Azərbaycan və dünya musiqi nümunələrindən ibarət maraqlı repertuar, teatrın kişi aktyorları tərəfindən hazırlanmış səhnəciklər və parodiyalar təqdim ediləcək.