Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə II Buktreyler festivalı keçiriləcək. 
   Buktreyler - kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən videoçarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmlərdir. 
   Festivalın məqsədi mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.
   Festivalda yaşından asılı olmayaraq hər kəs iştirak edə bilər. Festivalda çapdan çıxmış (nəşr ilindən asılı olmayaraq) azərbaycanlı müəllifin kitabından və ya kitab seriyasından bəhs edən buktreylerlər iştirak edir. Bir iştirakçı tərəfindən təqdim olunan buktreylerlərin sayına məhdudiyyət qoyulmur. Qanunvericiliyə zidd olan, siyasi, dini, irqi və milli ayrı-seçkiliyi təbliğ edən, senzuradan kənar ifadələri, materialları əks etdirən məzmun qadağandır.
   
   Buktreylerlər aşağıdakı tələblərə cavab verməlidir:
   xronometrajı: max. 5 dəqiqəyədək;
   formatı: mpeg4, mpeg, mpg, avi, wmv;
   minimal ölçüsü: 1080p Full HD (1920x1080);
   media forması: oyun (aktyorların iştirakı ilə), qeyri-oyun (aktyorların iştirakı olmadan), animasiya (çizgi filmi);
   əvvəldə festivalın və dəstəkçilərin loqoları yerləşdirilməlidir;
   sonda buktreylerin aid olduğu kitabın fotosu və festivalın saytının ünvanı yerləşdirilməlidir.
   
   Festivalın təşkilinə aidiyyəti olmayan brendlər, markalar, ticari nişanlar, eləcə də kommersiya təşkilatları və sponsorlar barədə məlumat əks etdirilməməlidir.
   Şərtlərə uyğun gəlməyən və tələblərə cavab verməyən buktreylerlər festivalda iştiraka buraxılmır.
   Buktreylerlər https://goo.gl/NIM9Sh səhifəsində qeydiyyatdan keçirilməlidir. Son müraciət tarixi: 10 aprel 2017-ci il.
   Mükafatlar: 1-ci yer - 1000 manat; 2-ci (2 nəfər) - 800 manat; 3-cü yer (3 nəfər) 500 manat.
   Suallarla bağlı festival2017@booktrailer.az saytına müraciət etmək mümkündür.