Martın 12-də Tatarıstanın Buinsk şəhərində Volqaboyu və Ural xalqları teatrlarının “İdel-Bua-Ural - dialoq məkanı” adlı I Ümumrusiya Teatr Festivalı start götürəcək. Festivalda Rusiyanın Tatarıstan, Başqırdıstan, Kalmıkiya və digər bölgələri təmsil olunacaq.
   Bu barədə məlumat verən Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirli bildirib ki, Kalmık Milli Dram Teatrı festivala onun “Gözlə məni” tamaşası ilə qatılacaq. Ötən ilin dekabrında uğurlu premyerası baş tutmuş tamaşanın quruluşçu rejissoru Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Azərbaycanlı dramaturq pyesi kalmık mühacir ədəbiyyatının nümayəndəsi Sanci Balıkovun povestinin motivləri əsasında qələmə alıb.