Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov şəhər uşaq incəsənət və musiqi məktəblərinin kollektivləri ilə görüşüb. Novruz bayramının təşkili, şəhərdə keçiriləcək festivallar və digər mövzularda söhbət aparılıb.
   Sonra idarə rəisi S.Rüstəmov adına Uşaq incəsənət məktəbində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirə qatılıb. Məktəb kollektivinin ifasında xalq və bəstəkar mahnıları, musiqi nömrələri ifa olunub, milli rəqslər izlənilib. İdarə rəisi kollektivə xoş arzularını çatdırıb.
   * * *
   Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin musiqi kollektivi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən rayon tədbirində rəngarəng musiqi nömrələri ilə çıxış edib. Uşaq incəsənət məktəbinin rəqs qrupunun bir-birindən maraqlı rəqs nümunələri və Masallı Xalq teatrının Masallı Dövlət Regional Kollecinin tələbələri ilə birgə hazırladıqları səhnəciklər alqışlarla qarşılanıb. 
   * * *
   Quba rayonunda da qadınların bayramı münasibətilə tədbir keçirilib. Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov çıxış edərək qadınlara səmimi arzularını çatdırıb. Tədbir Mədəniyyət mərkəzinin təşkil etdiyi konsert proqramı ilə davam etdirilib.
   * * *
   Hacıqabul rayon Heydər Əliyev Mərkəzində keçirilən bayram tədbirində Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Elnur Əmiraslanov çıxış edib. Bir qrup qadına rayon İcra Hakimiyyəti adından hədiyyələr təqdim edilib.