2010-cu il milli kinematoqrafiyamız üçün bir çox yeniliklərlə yadda qaldı. Görülən işlər, əldə olunan nəticələr gələn il üçün də nikbin düşünməyə əsas verir. Yeni ildə bir sıra yeni kino layihələri gerçəkləşəcək. Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsi müdirinin müavini Müşfiq Hətəmov ilin yekunları barədə danışdı:
   
   Bu il Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında çəkilən “Buta”, “Tərsinə çevrilmiş dünya”, “Əlavə təsir” (“Bəşəriyyətin xilası”) filmləri tamamlandı. “Qisas almadan ölmə”, “Ondan yaxşı qardaş yox idi”, “Canlı” bədii filmləri üzərində işlər davam etdirilir. Müstəqil kino şirkətlərində istehsalı başa çatmış “Sahə”, “Ölüm növbəsi”, “Kuklalar”, “Aktrisa”, “Kabusun gözüylə” filmləri təhvil verildi.
   Bu il “Salnamə” və “Yaddaş” sənədli filmlər studiyasında da bir çox tarixi-sənədli filmlər lentə alındı. Qala kəndinin tarixindən bəhs edən “İz...Qala”, Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş dörd sənədli film, II Dünya müharibəsi qəhrəmanı Hüseynbala Əliyevə həsr olunmuş “Qafqaz qartalının uçuşu” sənədli filmləri çəkildi. Bu studiyada vətənpərvərlik mövzusunda ssenari müsabiqəsinin qalibi “Mən evimə qayıdıram” bədii filmi və “Onun ürəyi” qısametrajlı musiqili nağıl filmi üzərində işlər davam etdirilir. “Yaddaş” sənədli filmlər studiyası tərəfindən “Tahir Salahov”, “Elmira Şahtaxtinskaya” və “Neft akademiyası”, “Qarabağa gedən yollar” və “Cənnət Səlimova” filmləri ərsəyə gəldi.
   “Buta-film” prodüser mərkəzində “Bakılı neft kralı” sənədli filminin, “Debüt” studiyasında “Usta Yusifin kamançası” və “Biz qalamızıq” qısametrajlı bədii filmlərin çəkilişləri başa çatıb. “Azanfilm” studiyasında “Tırtıl” və “İt sərgisi” cizgi filmləri təhvil verilib. “Mozalan” studiyasının iki yeni buraxılışı çəkilib.
   Bu il ərzində gənc kinematoqrafçılarımızın çəkdikləri qısametrajlı bədii filmlər İsveçrə, BƏƏ, Rusiya və Ukraynada, Gürcüstan, Tatarıstan, Çexiya, Almaniya, Polşa, Rumıniya və İranda keçirilən beynəlxalq kinofestivallarda nümayiş etdirilib.
   2011-ci ildə çəkilmək üçün ssenarilər müsabiqəsi, “Bu meydan, bu ekran” və “Vətən and yerimizdir” kino layihələri müsabiqələri, cizgi filmləri üçün ssenari müsabiqəsi keçirilib. Gənclər müsabiqəsinin qalibləri “Günəşdə ləkələr”, “Gözlərimə gün düşür” və “Atamı çox sevirəm” qısametrajlı bədii filmləri istehsalata buraxılıb.
   Kanada, Yaponiya və Fransada “Qala”, Rusiya və Macarıstanda “Cavad xan”, Fransada “Kabusun gözü ilə” bədii filmlərinin, Sloveniyada “Onun adı Mixaylo idi”, Almaniyada “Ümid yeri”, Sankt-Peterburqda “Qafqaz qartalının uçuşu” sənədli filmlərinin nümayişi olub.
   Noyabrda keçirilən və 15 ölkənin təmsil olunduğu VII “START” Beynəlxalq Tələbə Filmləri Festivalı da ilin yaddaqalan hadisələrindəndir.
   
   Yeganə