Son illər yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan kinosu üçün başa çatmaqda olan il nə ilə əlamətdar oldu? 2011-ci ildən hansı gözləntilər var? Bu suallarla kino xadimləri, rejissor və aktyorlar arasında qısa sorğu keçirdik:
   
   Cəmil Quliyev (Əməkdar incəsənət xadimi, Dövlət Film Fondunun direktoru):
   2010-cu ildə filmlərin qorunub saxlanılması və bərpası, Film Fondunun müxtəlif arxiv sənədləri ilə də zənginləşdirilməsi sahəsində işləri davam etdirmişik. İl ərzində Fonda yeni çəkilən 20-ə yaxın bədii və sənədli film daxil olub. Bu ildən başlayaraq Rusiyada 20-ə yaxın Azərbaycan filmi bərpa olunur. 2010-cu ildə Litva, Belorus, Ukrayna, Gürcüstan kino arxivləri ilə əməkdaşlıq haqqında sazişlər imzalanıb. Bu il ərzində biz görkəmli kino xadimlərimizin Adil İsgəndərov, Gündüz Abbasov, Leyla Bədirbəyli, Ələsgər Ələkbərov, Həsən Seyidbəyli və başqa kino xadimlərinin yubiley tədbirlərini keçirmişik. Bundan başqa Uşaq Kino Evində uşaqlar üçün tədbirlər keçirilib.
   2010-cu ildə Dövlət Film Fonduna Beynəlxalq Arxivlər Federasiyasının xətti ilə və eyni zamanda səylərimiz nəticəsində kino bəstəkarlarımız Tofiq Quliyevin, Niyazinin, Süleyman Ələsgərovun, Rafiq Babayevin fotosənədləri daxil olub. Görkəmli kinoşünasımız Aydın Kazımzadənin səyləri nəticəsində Dövlət Film Fonduna Azərbaycanın ilk kinorejissorlarından olmuş Mikayıl Mikayılov, Həbib İsmayılov və başqalarının şəxsi arxivi daxil olub. Avqustun 2-də Milli Kino günündə 50-dən çox filmin bərpa olunmuş plakat sərgisi keçirilib. 2011-ci ildə də həm tədbirlərin, həm də arxivlərin zənginləşməsi ilə bağlı eyni işləri davam etdirəcəyik.
   
   * * *
   Oqtay Mirqasımov (Xalq artisti, kinorejissor):
   Bəzən biz yeni başladığımız işdən çox danışmırıq ki, düşər-düşməzi olar. Hazırda “Qisas almadan ölmə” filminin hazırlıqlarına başlamışıq. Yeni ekran əsərində XIX əsrin əvvəllərində Azərbaycana köçürülmüş almanlardan bəhs ediləcək. Bu film mənim 20 il bundan əvvəl düşündüyüm ssenari əsasında çəkiləcək. Çox böyük həyəcan keçiririk.
   ADMİU-nun professoru olaraq pedaqoji fəaliyyətimi də davam etdirirəm. Kino elə bir sənətdir ki, burada mütləq istedadlı insanlar olmalıdır. Odur ki, gənc kinematoqrafçıların yetişməsinə töhfə verməyə çalışıram.
   Qarşıdan Yeni il gəlir. Şaxta baba, hədiyyələr, rəngli fişənglər, bəzənmiş şam ağacları... Bunlar hamısı gözəldir və həyatımıza rəng qatır. Lakin sonra yenə bayram bitəcək və həyat həmişəki axarı ilə davam edəcək.
   
   * * *
   Kənan Məmmədov (Əməkdar incəsənət xadimi, kinooperator):
   Bu il mənim həyatımda əlamətdar hadisələrlə yekunlaşmaq üzrədir. Ənvər Əblucun “Tərsinə çevrilmiş dünya” filmində quruluşçu operator oldum. Bu film İranla birgə çəkildiyi üçün çəkilişlərimiz də müxtəlif məkanlarda baş tutdu. Digər əlamətdar hadisə Avropa Kino Akademiyasına üzv seçilməyimdir. Avropa Kino Akademiyası 1989-cü ildə İsveç rejissoru İnqmar Berqman tərəfindən yaradılıb. Bir azərbaycanlı kimi ölkəmizi təmsil etmək mənim üçün böyük fəxrdir. Üçüncü əlamətdar hadisə Aydın Kazımzadənin “Kinooperator Kənan Məmmədov” adlı kitabının nəşridir. Kitabda mənim həyat və yaradıcılığıma geniş yer verilib. 2011-ci ildən yeni uğurlar, nailiyyətlər, xoşbəxtlik gözləyirəm.
   
   * * *
   Aydın Kazımzadə (Əməkdar incəsənət xadimi, kinoşünas):
   2010-cu il bir çox yeniliklərlə yadda qaldı. Uzun illər üzərində işlədiyim Kino Ensiklopedik Lüğətinin I cildi, nəhayət ki, mətbəəyə verildi. Bu il həm də Dövlət Film Fondu tərəfindən “Azərbaycan kinematoqrafçıları” adlı kitabımın II buraxılışı nəşr olundu. Kinooperator Kənan Məmmədovdan bəhs edən və beş ildir üzərində işlədiyim kitab da işıq üzü gördü. C.Cabbarlının kino fəaliyyəti ilə bağlı yazdığım kitabımı davam etdirirəm. Kinoaktrisa Elmira Şabanova haqqında bu il başladığım və Azərbaycan kino tarixi kitabını 2011-ci ildə yekunlaşdıracağam.
   
   * * *
   Ənvər Həsənov (Əməkdar artist):
   Bu il daha çox qısametrajlı bədii filmlər çəkdik. Cavid Təvəkkülün rejissoru olduğu filmdə professor rolunu ifa etmişəm. Müxtəlif qəzet və jurnallarda müsahibələrim dərc olundu. 2011-ci ildən torpaqlarımıza əmin-amanlıq, xalqımıza yaxşı həyat və əlbəttə ki, ilk növbədə cansağlığı arzu edirəm.
   * * *
   Bəxtiyar Xanızadə (Əməkdar incəsənət xadimi, Dövlət Pantomim Teatrının baş rejissoru, aktyor):
   Hazırda teatrda yeni tamaşalar hazırlanır, kinoda mənim üçün böyük miqyaslı yeniliklərdən biri Oqtay Mirqasımovun “Qisas almadan ölmə” filmində rol almağımdır. Bu bizim Oqtay Mirqasımovla artıq üçüncü işimizdir. Bu gün Azərbaycanda hər bir film çəkilişi özlüyündə yenilikdir. Əgər mən də o filmdə nəsə edə bilirəmsə, bu da mənim üçün yeni bir hadisədir. Yeni ildə özümə və hamıya cansağlığı arzu edirəm.
   
   * * *
   Elxan Cəfərov (Kinorejissor):
   Bu il mənim üçün bir qədər təzadları ilə yadda qaldı. “Əlavə təsir” (“Bəşəriyyətin xilası”) filmini yekunlaşdırdıq. Filmin premyerası çox güman ki, fevral ayında baş tutacaq. 2010-cu ildə həm də Tiflisdə “Golden eye” Beynəlxalq Festivalda Azərbaycanı jüri kürsüsündə təmsil etdim. Ən ağır hadisə isə anam Mailə Muradxanlını itirməyim oldu. Dovşan mehriban, yumşaq, sakit xüsusiyyətlərə malikdir. Bu il ölkəmizdə sakit, əmin-amanlıq olmasını arzu edirəm.
   
   * * *
   Rasim Cəfərov (Aktyor):
   Rusiyada çəkildiyim “İtkin düşmüş adam” filmi həm Berlində “Berlinale” festivalında iştirak etdi, həm də Rusiyada “Kinotavr” festivalında ən yaxşı film mükafatını aldı. Digər uğurlarımdan biri də İctimai TV-nin bazasında Cavid Təvəkkülün çəkdiyi “Əzizim Fellini” filmi oldu. Teatrda isə bir o qədər yenilik olmadı. Rejissor Vaqif Əsədovun quruluş verdiyi “Oliver Tvistin macəraları” tamaşasında rol aldım. Bu tamaşada işləmək mənim üçün çox maraqlı oldu. Yeni ildən çox şeylər gözləyirəm. Ümidlərim böyükdür.
   
   * * *
   Tofiq Musayev (prodüser):
   2010-cu ildə “Sınaqfilm” prodüser mərkəzində “Kuklalar”, “Ölüm növbəsi” və “Vəkil hardadır?” filmləri çəkildi. “Kuklalar”, “Ölüm növbəsi” filmini təhvil verdik, premyeraları keçirildi. “Kuklalar” filmi artıq bir neçə festivala göndərilib. “Vəkil hardadır?” filmi yekunlaşmaq üzrədir. 2011-ci ildə filmi təhvil verəcəyik.
   
   Söhbətləşdi:
   Yeganə Cansail