Azərbaycanın ilk uşaq filmlərindən biri hesab olunan “İki yoldaş” filmi Rusiya Dövlət Kino Arxiv Fondundan Azərbaycan Dövlət Film Fonduna göndərilib. 
   Bu barədə Dövlət Film Fondunun direktoru Cəmil Quliyev məlumat verib. “İki yoldaş” filmi 1934-cü ildə rejissor Makovski tərəfindən “Bakı” kinostudiyasında istehsal olunub.
   Cəmil Quliyevin sözlərinə görə, kinorejissor Ələkbər Muradov öz şəxsi arxivindən müxtəlif illərdə çəkilmiş Azərbaycan filmlərinin foto-neqativlərini Dövlət Film Fonduna təqdim edib. Onların arasında “Qanun naminə”, “O olmasın, bu olsun”, “Leyli və Məcnun”, “Koroğlu”, “Min birinci qastrol” və digər filmlərini foto-neqativləri var. Rejissor fonda ümumilikdə 90 ədəd foto-neqativ verib. Bundan başqa, Ə.Muradov öz şəxsi kino arxivindən Xalq artisti Nəsibə Zeynalovanın dəfn mərasiminin kino-materiallarını, “Ananın duaları” bədii filmini, Tofiq Quliyevin dəfn mərasiminin təsvirlərini, Hüseyn Seyidzadənin yubileyinə həsr olunmuş kino arxiv materiallarını və başqa sənədləri də Dövlət Film Fonduna təqdim edib. C.Quliyev deyib ki, bu sənədlər əsasında Film Fondunda Ələkbər Muradovun şəxsi arxiv fondu yaradılıb.