Cənubi Azərbaycanda xalq yaddaşı örnəklərinin toplanılması və nəşri sahəsində xidmətləri olmuş ziyalılardan biri də folklorşünas alim Məhəmmədəli Fərzanədir.
   1923-cü ildə Təbrizdə anadan olan M.Fərzanə mədrəsədə təhsil alıb. Klassik ədəbiyyata, xüsusilə görkəmli şair Qövsi Təbrizinin yaradıcılığına böyük maraq göstərib, “Qövsi” təxəllüsü ilə şeirlər yazıb. O həm də şifahi xalq ədəbiyyatının vurğunu olub. Alim xatirələrində qeyd edir ki, folklora bağlılığında anası xüsusi rol oynayıb: “Anam savadlı olmasa da, sinəsi tükənməz söz xəzinəsi idi. Ağlasığmaz qədər nağıl, dastan, bayatı, tapmaca, qoşma, gəraylı və daha nələr bilirdi”. 
   İkinci Dünya müharibəsi illərində SSRİ ordusu İranda olduğu zaman sovet Azərbaycanından çox sayda ziyalı Təbriz şəhərinə gedir. Qısa vaxt ərzində burada mədəniyyət müəssisələri yaradılır, Azərbaycan dilində qəzet və jurnallar nəşr olunur. M.Fərzanə təşkil olunan tədbirlərdə yaxından iştirak edir. Onun “Füzuli lirikasına bir baxış” və “Divani-lüğət-it-türk” əsərində atalar sözü və məsəllər” elmi araşdırmaları “Vətən yolunda” qəzetində dərc olunur. O, eyni zamanda qəzetdə S.Vurğun, S.Rüstəm, R.Rza, Ə.Məmmədxanlı, M.Rahim, M.İbrahimov, C.Xəndanın şeir və məqalələri ilə tanış olur. Bu müəlliflərin bəziləri ilə şəxsən tanış olur. Qəzetin nəzdində yaradılan “Şairlər məclisi”nin fəal üzvlərindən birinə çevrilir.
   M.Fərzanənin ən məhsuldar yaradıcılığı isə 1945-46 illərə - Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Milli hökumətin fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Bu vaxt onun mətbuatda ana dilində 40-a yaxın elmi-publisistik məqaləsi dərc olunur.
   1945-ci ildə müharibə başa çatdıqdan sonra sovet ordusu İranı tərk edir. Milli hökumətin əsgəri birlikləri, tərəfdarları köməksiz qalır, şah qoşunları tərəfindən onlara divan tutulur. M.Fərzanənin əqidə və məslək dostlarının bir çoxu həbs olunur. Bəzi ədib və ziyalılar isə Şimali Azərbaycana mühacirət edir. O isə həyatı təhlükə altında olsa da, Təbrizdə qalmağa üstünlük verir.
   Şah məmurları Milli hökumətə aid nə varsa hamısını məhv etməyə çalışırlar. Azərbaycan dilində olan sənədlər, kitab, qəzet və jurnallar yandırılır. M.Fərzanə çalışdığı kitabxanada Azərbaycan dilində olan kitablar anbara yığıldığı zaman Məhəmmədəli Tərbiyətin bağışladığı “Kitabi-Dədə Qorqud” dastanını götürməyə nail olur. Kitabxanadakı işindən ayrılır və bir müddət Təbrizdə gizli yaşayır. Yaradıcılıqla məşğul olur, “Ana dilimiz və varlığımız uğrunda mübarizələr” adlı kitabını yazır. Kitabda Milli hökumət dövründə ana dilinə göstərilən qayğıdan və başına gətirilən müsibətlərdən geniş söhbət açır...
   Şah rejimi gücləndikcə azadfikirlilərə qarşı təzyiqlər də artır. O, 1950-ci ildə həbs olunur. İki il zindanda qalır. Azad olduqdan sonra yaradıcılığını davam etdirir. Təzyiqlərdən xilas olmaq üçün 1954-cü ildə Tehrana köçür. Burada müxtəlif nəşriyyatlarda çalışır, ədəbi nümunələrimizi fars dilinə tərcümə edir.
   Tədqiqatçı Əli Şamil yazır ki, M.Fərzanə Azərbaycan şifahi xalq ədəbiyyatı, folklor məsələləri üzərində yorulmadan, ardıcıl tədqiqatlar aparıb. O, məqalələrində əsasən “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Qaçaq Nəbi”, “Aşıq Qərib” dastanları haqqında məlumat verib, onların süjet xəttini, mövzu dairəsini, baş qəhrəmanlarının xarakterik xüsusiyyətlərini geniş təhlil edib. O, eyni zamanda “Kitabi-Dədə Qorqud” dastanından bir neçə boyu çap etdirib.
   M.Fərzanənin “Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” mənzuməsinin bədii xüsusiyyətləri” məqaləsi, şair Səhəndin “Sazımın sözü” kitabına yazdığı Azərbaycanca və farsca müqəddimə dərc olunub, maraqla qarşılanıb.
   Müxtəlif maneələrə baxmayaraq, uzun illər üzərində işlədiyi, maraqlı ön söz yazdığı “Bayatılar” və ikicildlik “Azərbaycan dilinin qrammatikası” kitabları 1964-cü ildə işıq üzü görür. Hətta “Azərbaycan dilinin qrammatikası” kitabı alman dilinə də tərcümə olunur.
   O həmçinin qardaşı Yusiflə Tehranda “Fərzanə” nəşriyyatını yaradır. Nəşriyyatda “Kitabi-Dədə Qorqud”, C.Məmmədquluzadənin xatirələri və novellaları, M.Şəhriyarın şeirləri, “Heydərbabaya salam” poeması, M.Ə.Sabirin “Hophopnamə”sinin yeni nəşri, Ə.Babayevanın “Haradasan, dost, haradasan”, Ə.Nesinin “Belə gəlmiş, belə getməz”, “Molla Nəsrəddin lətifələri”, “Azərbaycanın el sözləri”, “Atalar sözləri, məsəllər və deyimlər”, “Azərbaycan ədəbiyyatı antologiyası”, “Dilimizin fonetik sözlüyü”, “Azərbaycanın əsas inciləri” və s. kitabları işıq üzü görür.
   M.Fərzanə 1992-ci ildə Bakı Dövlət Universitetinin fəxri doktoru seçilir. Ürək xəstəliyindən əziyyət çəkdiyinə görə 1998-ci ildə müalicə üçün İsveçə gedir. Bir müddət orada yaşayır və 17 yanvar 2006-cı ildə vəfat edir. 
   
   Savalan Fərəcov