Aprelin 5-6-da İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XX Avrasiya İqtisadi Zirvə toplantısı keçirilib. Zirvə Toplantısında Azərbaycan nümayəndə heyəti də iştirak edib.
   Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin toplantı iştirakçılarına təbrik məktubunu oxuyub. Rəsmi hissədə Makedoniya, Albaniya prezidentləri Georgi İvanov, Buyar Nişani, Bosniya və Herseqovinanın dövlət rəhbəri Mladen İvaniç, BMT Sivilizasiyalar Alyansının rəhbəri Nassir Əbdüləziz Əl-Nasser və digər qonaqlar çıxış ediblər.
   Sonra “Davam edən enerji, telekommunikasiya, nəqliyyat, iqtisadiyyatın inkişafında istehsal və tələbat” və “Avropa İttifaqının qarşılaşdığı hədə-qorxular və gələcək qayğılar” mövzularında panel iclaslar keçirilib.
   Toplantı ikinci iş gününü “İslamla həmrəylik ruhu çərçivəsində təcavüzə və terrora qarşı dinlərin təsiri” və “İnsanlıq bir yol ayrıcında” mövzularında panellərlə davam etdirib.
   Birinci paneldə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə təşkil olunan beynəlxalq forumlarda və konfranslardan söz açıb, son illər Azərbaycanın dünyanın fikir və düşüncə mərkəzinə çevrildiyini deyib. Komitə sədri ölkə başçısı tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunmasının əhəmiyyətindən bəhs edib.
   “İnsanlıq bir yol ayrıcında” mövzulu paneldəki çıxışlarda mövcud problemlərə, münaqişə və qarşıdurmalara səbəb olan məsələlərin dialoqlar, danışıqlar və müzakirələr əsasında həll edilməsinin vacibliyi vurğulanıb.