2016-cı ilin aprel ayında cəbhə xəttində baş vermiş şiddətli döyüşlərdə işğalçı Ermənistan hərbi birləşmələrinin təxribatına layiqli cavab verərək qəhrəmanlıq göstərmiş, vətən uğrunda canını fəda etmiş oğulların xatirəsi bölgələrdə müxtəlif tədbirlərlə yad edilir.
   
   Kürdəmir rayon Heydər Əliyev Mərkəzində AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsi və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Aprel döyüşlərinin şəhidləri - hərbi pilot, baş leytenant Əbubəkr İsmayılovun və cəsur kəşfiyyatçı şəhid Tural Qurbanovun xatirəsinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili, akademik Rafael Hüseynov, rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, başqaları çıxış ediblər.
   Tədbirdə Yaqut Bahadurqızının “Hay ver mənə, cənab leytenant” kitabı oxuculara təqdim edilib. Orta məktəb şagirdləri kitabdan parçalar oxuyublar və şəhid Ə.İsmayılovun şeirlərini söyləyiblər.
   Kürdəmir şəhər Səyavuş Paşayev adına 6 saylı tam orta məktəbin və rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə keçirilən tədbirdə də Aprel döyüşləri zamanı həlak olmuş kürdəmirli şəhidlər yad olunub. Şəhidlər Əbubəkr İsmayılov və Tural Qurbanovun valideynləri Vüqar İsmayılov və Gürşad Qurbanov çıxış edərək övladları haqqında xatirələrini bölüşüb və qəhrəman oğulları ilə fəxr etdiklərini bildiriblər.
   * * *
   Ağdaş rayon MKS-nin təşkilatçılığı ilə Mədəniyyət mərkəzində “Şanlı Aprel zəfəri” adlı ədəbi-bədii gecə keçirilib.
   Tədbirdə MKS-nin direktoru Seyfəddin Feyzullayev bu döyüşlərdə hərbçilərimizin göstərdiyi şücaətdən söz açıb, Aprel şəhidləri, o cümlədən ağdaşlı şəhid Ömər Cəbrayılov haqqında məlumat verib.
   Rayon Şəmsabad kənd diyarşünaslıq evinin təşkilatçılığı ilə kənd orta məktəbində də Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbir keçirilib. Məktəbin direktoru Səbinə Mehdiyeva, Diyarşünaslıq evinin direktoru İradə Qayıbova həmin döyüşlərdə Şəmsabad kəndindən olan hərbçilərin də iştirak etdiklərini diqqətə çatdırıblar. Məktəblilərin hazırladığı kompozisiya təqdim olunub.
   * * *
   Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Qazax rayon MKS-nin Yuxarı Salahlı kənd 1 və 2 saylı kitabxana filialları S.Vurğun adına Poeziya evində kənd Folklor evi ilə birlikdə Aprel döyüşlərinin şəhidi baş leytenant Elvin Məmməd oğlu Namazovun xatirəsini yad ediblər. Anım tədbirində filial müdirləri Tamam Cəfərova və Məktubə Qocayeva çıxış ediblər. Fəal oxucular Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasından parçalar söyləyiblər.
   * * *
   S.Vurğun adına Qax rayon Mədəniyyət mərkəzinin hazırladığı “Şəhidlər ölməz, vətən bölünməz” adlı anma mərasimi də Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr olunub. Mədəniyyət mərkəzinin direktoru K.Məcidova, ehtiyatda olan zabit A.Babayev və başqaları çıxış ediblər, məktəblilərin ifasında vətənpərvərlik ruhunda şeirlər səslənib.
   * * *
   Quba rayon Mərkəzi kitabxanası Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə “Vətən şəhidləri ilə ucalır” adlı tədbir keçirilib. MKS-nin direktoru Saməddin Nəsirov, Vətən Müharibəsi Veteranlar Birliyinin Quba rayon şöbəsinin sədri İsmayıl Babayev və başqalarının çıxışlarından sonra iştirakçılar mövzuya dair sərgi ilə tanış olublar.