Aprelin 7-də Azərbaycan mədəniyyətinin ölməz incilərindən olan “O olmasın, bu olsun” musiqili kinokomediyası Los-Ancelesdə nümayiş etdirilib.
   Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda keçirilən nümayişdə amerikalı mədəniyyət xadimləri, jurnalistlər, sənətsevərlər, eləcə də Azərbaycan icmasının üzvləri iştirak ediblər.
   Ölkəmizin Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ölməz bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilmiş (1956) “O olmasın, bu olsun” musiqili kinokomediyasının uzun illərdir məhəbbətlə izlənildiyini və öz təravətini qoruduğunu bildirib. Qeyd edilib ki, filmdə hadisələr komediya janrında təqdim olunsa da, o dövr üçün xarakterik olan bir sıra ciddi sosial-mədəni məsələlər, xüsusilə qadın haqları məsələsi böyük ustalıqla işıqlandırılıb. Baş konsul ötən yüz ildə Azərbaycanın qadın haqları sahəsində bir çox müsəlman, eləcə də qeyri-müsəlman ölkələr üçün nümunəvi nailiyyətlərə imza atdığını, bu gün qadınların ölkənin ictimai-siyasi həyatında fəal mövqeləri ilə seçildiyini diqqətə çatdırıb.
   Sonra Los-Ancelesin tanınmış kardioloqlarından olan İzhar Xaruzi çıxış edərək, “O olmasın, bu olsun” kimi əsərlərin öz aktuallığını qoruduğunu, belə bir gözəl filmi ərsəyə gətirərək, istedadlı Azərbaycan kinematoqraflarının dəyərli kino əsəri yaratdığını bildirib.
   Kaliforniyadakı Azərbaycan icmasının fəallarından Kimiya Məmmədova filmin mədəniyyət tariximizə qızıl hərflərlə yazıldığını bildirərək, belə əsərlərin geniş təbliğinin xüsusilə ölkəmizdən kənarda yaşayan gənc soydaşlarımızın milli-mənəvi dəyərlərimizə bağlılığına töhfə verdiyini deyib.
   Daha sonra film nümayiş etdirilib. Korifey sənətkarlarımızın böyük ustalıqla oynadıqları ekran əsəri maraqla qarşılanıb.