Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkəmiz Veliko Tırnovo şəhərində keçirilmiş “Mədəni turizm” XIV Beynəlxalq turizm sərgisində təmsil olunub.
   Sərgidə qurulan stendimizdə ziyarətçilərə ölkəmizin tarixi, mədəniyyəti, ənənələri, mövcud turizm marşrutları, rekreasiya və turizm mərkəzləri, Azərbaycanda həyata keçirilən infrastruktur layihələr barədə ətraflı məlumat verilib. Sərgidə xalça və sənətkarlıq nümunələrimiz nümayiş olunub, ölkəmizin mədəni turizm potensialını əks etdirən broşürlər və suvenirlər tədbir iştirakçılarına paylanılıb.
   Stenddə həmçinin Azərbaycanın istehsalı olan nar şirəsi və şərabların dequstasiyası və şirniyyatlarımızın təqdimatı keçirilib. Dequstasiya zamanı ölkəmizin üzümçülük və şərabçılıq ənənələri, eləcə də “Made in Azerbaijan” brendinə daxil olan şərablar barədə danışılıb.
   Sərginin açılışında iştirak edən Bolqarıstanın turizm naziri Stella Baltova Azərbaycan stendini ziyarət edib və ona ölkəmizin mədəniyyəti və turizm imkanları barədə məlumat verilib. İki ölkə arasında müsbət əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən söz açan S.Baltova sərgidə Azərbaycanın iştirakını yüksək qiymətləndirib.
   Sonda Azərbaycan stendi uğurlu iştiraka görə fəxri sertifikatla təltif edilib.
   Sertifikatı təqdim edən Veliko Tırnovo şəhərinin meri Daniel Panov bu şəhərdə yerləşən və Bolqarıstanın ən qədim mədəniyyət abidəsi sayılan “Trapezitsa” Memarlıq muzeyi qoruğunun Heydər Əliyev Fondu tərəfindən bərpası və yenidən qurulmasının iki ölkə arasında dostluq əlaqələrinin inkişafına əsaslı təkan verəcəyini vurğulayıb, Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
   Qeyd edək ki, sərgidə Bolqarıstan, Azərbaycan, Braziliya, Vyetnam, Türkiyə, Çexiya, İspaniya, Yunanıstan və digər ölkələr də daxil olmaqla tanınmış və ekzotik turizm məkanlarını nümayiş etdirən 70-ə yaxın bolqar və xarici şirkətlər, qurumlar iştirak ediblər.