F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 15 aprel - Beynəlxalq mədəniyyət gününə həsr olunmuş tədbir keçirilib. Era liseyi və H.Sarabski adına 7 saylı Musiqi məktəbi şagirdlərinin, valideynlərin qatıldığı tədbiri açan kitabxananın direktoru Şəhla Qəmbərova əlamətdar günün tarixi barədə danışıb. Bildirib ki, 1935-ci il aprelin 15-də “Bədii, elmi müəssisə və tarixi abidələrin qorunması haqqında” Vaşinqton razılaşması imzalanıb. 1998-ci ildə “Mədəniyyətin müdafiəsi beynəlxalq liqası” adlı ictimai təşkilat bu tarixin “Beynəlxalq mədəniyyət günü” kimi qeyd olunması təşəbbüsü ilə çıxış edib. Həmin vaxtdan 15 aprel bir sıra ölkələrdə qeyd olunur. Vurğulanıb ki, kitab oxuma mədəniyyəti, mütaliə mədəni inkişafın əsas amillərindən biridir.
Tədbirdə musiqi məktəbi şagirdlərinin ifasında saz havasından tutmuş klassik musiqiyədək rəngarəng musiqi nömrələri səslənib. Xorun ifası tədbiri daha da canlandırıb.
Sonda iştirakçılar kitabxananın foyesində “Musiqi - səmimiyyət məbədi” adlı kitab sərgisi ilə tanış olublar.
* * *
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Yevlax şəhər Mədəniyyət mərkəzində də 15 aprel - Beynəlxalq mədəniyyət günü qeyd edilib.
Mərkəzin direktoru Eldəniz Mustafayev və şəhər Yaradıcılıq evinin direktoru Zöhrə Adıgözəlova çıxış edərək Azərbaycan mədəniyyətinin maddi və mənəvi zənginliyindən bəhs ediblər. Tədbirdə səmərəli fəaliyyətinə görə 10 nəfər mədəniyyət işçisi MİHİ Yevlax şəhər komitəsi tərəfindən fəxri fərmanla ilə təltif olunub.
Bədii hissədə Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən “Sahil” vokal instrumental ansamblı çıxış edib. Yaradıcılıq evinin nəzdində fəaliyyət göstərən Bəşir Səfəroğlu adına Xalq teatrı və Kukla xalq teatrının aktyorlarının təqdim etdiyi səhnəciklər, “Vahid” meyxana birliyinin rəhbəri Zaur Qurbanovun çıxışı da maraqla qarşılanıb.
* * *
Qax Mədəniyyət mərkəzində keçirilən dəyirmi masada mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Mərkəzin direktoru Kəmalə Məcidova, Qum kənd Sənətkarlıq evinin direktoru Xatirə Əfəndiyeva, Zərnə kənd Mədəniyyət evinin direktoru Taliə Məmmədova, Almalı kənd Mədəniyyət evinin bədii rəhbəri Xəlil Nəsibov, İlisu kənd Diyarşünaslıq evinin direktoru Zenfira Əfəndiyeva və digər çıxış edənlər Azərbaycan mədəniyyətinin, ədəbiyyatının zənginliyindən, dünyada tanınmasından söz açıblar.