Aprelin 23-də Miniatür Kitab Muzeyinin yaradılmasının 15 illiyi münasibətilə nəşr olunmuş kitabın təqdimat mərasimi keçirilib.
   Muzeyin yaradıcısı və təsisçisi, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova mədəniyyət ocağının fəaliyyətindən söhbət açıb, muzeyin yaradılmasında ümummilli lider Heydər Əliyevin dəstəyini xüsusi vurğulayıb. Qeyd edib ki, ulu öndər bu kolleksiyanın təkcə Azərbaycan deyil, həm də ümumdünya mədəniyyəti üçün əhəmiyyətini uzaqgörənliklə qiymətləndirib. Muzeyin zəngin ekspozisiyasına görə “Ginnesin rekordlar kitabı”na salınması bunu bir daha təsdiqləyir.
   Diqqətə çatdırılıb ki, hazırda muzeydə 39 rəfdə 5700 nüsxədən artıq miniatür kitab nümayiş etdirilir. 15 illik fəaliyyəti müddətində muzeyə 315 min nəfərə yaxın ziyarətçi gəlib ki, onların təxminən 92 mini əcnəbilərdir. 
   Bildirilib ki, “Miniatür Kitab Muzeyinin 15 illiyi” adlı yeni nəşrdə “Vətənə, dövlətə, xalqa sədaqət andı” miniatür kitabının 1995-ci il iyunun 3-də Milli Kitabxanada təqdim edildiyi vaxt Prezident Heydər Əliyevin söylədiyi nitq üç dildə yer alıb. Mətni Heydər Əliyevin “Azərbaycanda miniatür kitab sahəsində Zərifə Salahovanın fəaliyyəti yüksək qiymətə layiqdir” fikri müşayiət edir. “İndigo” mətbəəsində 100 nüsxə tirajla çapdan çıxan 320 səhifəlik kitabın ölçüsü 60x70 millimetrdir.
   Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi Dilarə Seyidzadə çıxışında Zərifə Salahovanın fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, onun həyata keçirdiyi işlər əsl azərbaycanlı olmasını təsdiqləyir. Miniatür Kitab Muzeyinin Naxçıvanda və Gəncədə filiallarının fəaliyyət göstərdiyini qeyd edən Dilarə Seyidzadə Zərifə Salahovaya uğurlar arzulayıb.
   Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Xalq artisti Vasif Babayev, Xalq rəssamı Arif Hüseynov və digər çıxış edənlər Zərifə Salahovanın səmərəli fəaliyyətini yüksək dəyərləndiriblər.
   Tədbirdə “Zərifə Salahova - Kitaba xidmət və işə sədaqət” miniatür kitabı da təqdim edilib.