Aprelin 22-də Bakıda Frankofoniya həftələrinin rəsmi bağlanış mərasimi keçirilib. Mərasimdə səfirlər, diplomatlar, frankofillər iştirak ediblər.
   Tədbirdə çıxış edən Fransanın ölkəmizdəki səfiri Orelia Buşez Frankofoniya həftələri çərçivəsində 30 tədbirin keçirildiyini deyib. Bildirilib ki, bu müddətdə müxtəlif filmlər nümayiş etdirilib, sərgilər açılıb, musiqi axşamları, parkur şou, müsabiqələr təşkil olunub.
   Frankofoniya həftələrinə xeyli marağın olduğunu bildirən səfir tədbirlərin uğurla keçirilməsində iştirakçıların da böyük rolunu qeyd edib.
   Çıxış edən digər səfirlər də Frankofoniya həftələrinin rəngarəng, zəngin, unudulmaz keçdiyini deyiblər, layihənin mədəni müxtəlifliyi göstərməyə şərait yaratdığını, həmçinin bu həftələrin ölkələr arasında mədəni əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıblar.
   Daha sonra Frankofoniya həftələri ərzində keçirilən müxtəlif müsabiqələrin qaliblərinə hədiyyələr təqdim olunub.
   Frankofoniya həftələrinin son tədbirində müxtəlif səfirliklər tərəfindən frankofon bufeti təqdim olunub. Ayrı-ayrı ölkələrə aid köşklərdə hər bir səfirlik milli mətbəxini və incəsənət nümunələrini təqdim edib.