Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr olunan “Azərbaycanda multikulturalizm” biblioqrafiya kitabının təqdimatı keçirilib.
   Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov çıxış edərək Prezident İlham Əliyevin “Multikulturalizm ili” barədə ötən il imzaladığı müvafiq sərəncama uyğun olaraq yeni çapdan çıxmış nəşrin əhəmiyyətini vurğulayıb.
   Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi Rəvan Həsənov “Multikulturalizm ili”ndə həyata keçirilən layihələrin, görülən işlərin biblioqrafiyasının yer aldığı kitabı yüksək dəyərləndirib.
   Milli Kitabxananın direktoru, professor Kərim Tahirov da nəşrin əhəmiyyətini diqqətə çatdıraraq layihənin rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə, kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi akademik Kamal Abdullayevə və nəşrin ərsəyə gəlməsində iştirak etmiş hər kəsə minnətdarlığını ifadə edib. Bildirib ki, beş hissədən ibarət kitab “Multikulutralizm ili” ərzində görülən işləri tam miqyası ilə əhatə edir. Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə sonda Azərbaycan, rus və ingilis dillərində müəlliflərin əlifba göstəriciləri tərtib olunub.
   Kitab tədqiqatçı alimlər, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
   Təqdimat mərasimində Azərbaycanda Rus icmasının rəhbəri, millət vəkili Mixail Zabelin, AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov, Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi keşiş Mefodi, Alban-Udi Xristian icmasının sədri Robert Mobili biblioqrafik nəşrin əhəmiyyətindən bəhs ediblər.