F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Nizami rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin hazırladığı “Cırtdan və dostları” nağıl-tamaşası aprelin 28-də Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş olunub.
Tədbirdə UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvandin, Bakıdakı Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin əməkdaşları, Nəsimi Rayon İcra Hakimiyyətinin, Təhsil Nazirliyinin əməkdaşları, balacaların sevimli yazıçılarından Sevinc Nuruqızı, Gülzar İbrahimova, Aygün Bünyadzadə, Elvira Məmmədli və Xalq rəssamı Arif Hüseynov iştirak ediblər.
Əvvəlcə tədbirə qatılanlar teatrın foyesində dünya xalqlarının nağıllarından ibarət kitab sərgisi və istedadlı uşaqların müxtəlif dünya xalqlarının nağıllarına çəkdikləri rəsmlər və əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Səhnədə Cırtdan və dostları nağıl personajları ilə görüşüblər, müxtəlif ölkələrin rəqsləri nümayiş olunub. Sonda Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova, Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Lalə Qəti uşaqlara xoş arzularını çatdırıblar.