Mayın 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsas tədris korpusunun təmirdən sonra açılışı olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva açılışda iştirak edib.
   Təhsil naziri Mikayıl Cabbarov və universitetin rektoru, professor Fərəh Əliyeva tədris korpusunda yaradılan şərait barədə xanım Mehriban Əliyevaya məlumat veriblər. Bildirilib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti əsasını 1923-cü ildə yaradılan Bakı Teatr Məktəbindən götürüb. Universitet dördmərtəbəli indiki binasına 1997-ci ildə köçüb. İndiyədək burada heç vaxt əsaslı təmir işləri aparılmamışdı. 
   Universitetdə 2 mindən çox tələbə təhsil alır, 300-ə yaxın pedaqoq çalışır. Ali təhsil ocağının beş - rəssamlıq, kulturologiya, musiqi sənəti, kino və televiziya, teatr fakültəsi var. Bu korpusda üç fakültə fəaliyyət göstərir.
   Xanım Mehriban Əliyeva korpusun foyesində quraşdırılan “Rəşadətli Azərbaycan Ordusu” adlı stendə baxıb, həmçinin korpusdakı “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə yaradılan şəraitlə maraqlanıb.
   Universitetdə kitabxana-informasiya mərkəzi də qurulub. Ali təhsil müəssisəsinin kitabxana fondundakı 40 mindən çox ixtisas ədəbiyyatının 21 mini bu mərkəzdə yerləşir. 
   Azərbaycanın Birinci vitse-prezidenti universitetdəki kiçik səhnə ilə də tanış olub. Məlumat verilib ki, əvvəllər burada normativlərə uyğun olmayan zal var idi. İndi isə ən müasir avadanlıqla təchiz edilən səhnə qurulub. Təmirdən sonra tədris korpusu ən müasir işıq və səs avadanlığı ilə təchiz olunub, 10-a yaxın yaradıcılıq otağı yaradılıb. Zirzəmidə inventar otaqları, səsyazma studiyaları, operator otaqları, musiqi zalı yerləşir. Korpusun müxtəlif mərtəbələrində kino və televiziya ixtisasları üzrə xüsusi işıq və səs avadanlıqları ilə təchiz olunan səhnəli 11 auditoriya, televiziya ixtisası üzrə tədris studiyası, auditoriyalar, zallar, iş və dərs otaqları var. 
   Əsaslı təmirdən sonra ali təhsil ocağında yaradılan şəraitdən məmnunluğunu bildirən Birinci vitse-prezident universitetə fəaliyyətində uğurlar arzulayıb.