“Diri basdırılmış”... Film ilk baxışda tamaşaçıda qəribə təəssürat yaradır. 90 dəqiqə qəbrin içində baş verənləri, həyat-ölüm mübarizəsini həyəcanla izləmək sizə zarafat kimi gəlməsin. 
   Filmin əvvəldən sonadək qəbirdə çəkilməsi sıxıcı təəssürat proqnozu versə də, baş verən hadisələr, tamaşaçını hər kadrda həyəcanda saxlamaq məharəti, fanilik, sonuncu ümid, gözlənilməz final düşüncələrimizin tam əksini göstərir.    

   Filmin süjeti belədir. İraqda müqavilə ilə sürücü işləyən Pol Konroy naməlum şəxslər tərəfindən oğurlanır və gözlərini açanda özünü qaranlıq qəbrin içində görür. Yanında isə alışqanı, zəif işıqlı fonarı, qələmi və mobil telefonu var. Az keçmir ki, telefonuna zəng gəlir və ingilis dilində danışan bir kişi ondan 5 milyon tələb edərək, “əgər pulu gətirməsən, elə o qəbirdə qalacaqsan” deyib, onu təhdid edir. Əli hər yerdən üzülən Pol gümanı gələn hər yerə, dostlarına, ailəsinə, səfirliyə zəng edir. Maraqlı olanı isə ondadır ki, “Mən qəbirdəyəm, məni buradan xilas edin” deyən Polu əvvəlcə heç kəs ciddi qəbul etmir. Telefonun enerji ehtiyatının azalması və Polun ümidlərinin tədricən tükənməsi tamaşaçını həyəcanda saxlayır. Hər kadrda “Nə olacaq” sualı ilə hadisələrin gedişini səbirlə izləməli olursan.
   Rejissor Rodrigo Kortesin bu filmində demək olar ki, bütün əsas xətti-hərəkətlər qəbrin içində baş verir. Film ilk kadrından son kadrınadək tamaşaçını gərgin intizarda saxlayıb, vəziyyətlərin gözlənilməz dəyişkənliyi ilə yanılda bilir. Tamaşaçı bu filmdə ən çox acımaq hissini yaşayır. Həyəcandan tamaşaçının nəfəsini kəsən, özü qəbirdə nəfəs almaq üçün ölüm-dirim savaşı yaşayan bu yazıq, günahsız adama acımamaq olmur.
   Orijinal ideyalı ssenarisi olan filmlə bağlı iki əsas məqamı vurğulamaq lazımdır. Aktyor oyunu və operator işi olduqca keyfiyyətlidir. Baş rol ifaçısı aktyor Rayn Reynolds öz rolu ilə bir daha sübut edir ki, hətta qəbirdə də rol oynamaq mümkündür. Məhdud məkanda hadisələrin öhdəsindən belə məharətlə gəlmək sadəcə alqışa layiqdir. Operator Eduard Qraunun qurduğu kadrlar isə insandan böyük istedad tələb edir. Ən azından qəbir mühitini yaratmaq və tamaşaçıya bunu yaşatmaq o qədər də asan məsələ deyil. Film yalnız qəbirdə çəkilsə də büdcəsi 3 milyon dollara başa gəlib. Görünür, aktyorun aldığı qonorar olduqca böyükdür. Filmin finalı tamaşaçını yanıltmaqla yanaşı, həm də katarsis (mənəvi təmizlənmə) yaşadır. Polu xilas etmək üçün gələnlər yanlışlıqla başqa qəbri açırlar. Torpaq altında qalmış və tədricən nəfəs alması çətinləşən Pol çarəsizliklə ölümünü gözləyir. Son faciəli və kədərlidir.
   
   Yeganə Cansail