Türk rejissoru Cem Oğuzun çəkdiyi və ötən həftə Bakıda nümayişi keçirilən “Qaçqın: Anar Usubovun uzun səyahəti” filmi Amerikada da təqdim olunub. Fevralın 25-də Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondu “Avalon” teatrında sənədli ekran əsərinin nümayişini təşkil edib. Filmdə Xocalıdan məcburi köçkün, ata-baba yurduna qayıda bilməyən gənc Usubov Anar öz həyat hekayəsini tamaşaçılarla bölüşür. Ekran əsərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağdan olan qaçqın və məcburi köçkünlərin mübarizəsi, Azərbaycan və Cənubi Qafqaz haqqında bəhs edilir.
   Təqdimatdan əvvəl Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, rejissor Cem Oğuz film üzərində işləyərkən keçirdiyi hisslərdən danışıb. Tədbirdə ABŞ-da yaşayan Azərbaycan diasporunun nümayəndələri, burada təhsil alan tələbələr, siyasi-ictimai xadimlər, kinoşünaslar iştirak ediblər.
   * * *
    “Qaçqın: Anar Usubovun uzun səyahəti” filminin nümayişi ABŞ-ın Kaliforniya ştatında da baş tutub. Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondunun, Cənubi Kaliforniyanın türk icmasının və Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun dəstəyi ilə Ervayn şəhərində filmin təqdimatı olub. Təqdimat mərasimində iştirak edən filmin müəllifi Cem Oğuz jurnalistlərin suallarına cavab verib.
   Azərbaycanın baş konsulu Elin Süleymanov bildirib ki, Xocalı faciəsi və onun sakinlərinin acı taleyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını zəruri edir: “Əfsuslar olsun ki, Amerikadakı erməni icmasının radikal əhval-ruhiyyəli üzvləri Xocalı faciəsi ilə əlaqədar başsağlığı vermək və Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlərdə iştirak etməsi ilə bağlı təəssüfləndiklərini bildirmək əvəzinə, Xocalı qurbanlarının xatirəsinin anıldığı gündə əvvəlki kimi bədnam təbliğat aksiyaları təşkil etməyə üstünlük verirlər”.