İran kinosu dünya kinematoqrafında ilk növbədə Quran kəlamıyla seçilir və filmləri də elə bu kəlamla başlayır: Rəhimli və mərhəmətli Allahın adıyla.
   Əgər bu gün od-alov içində yanan dünyanın vəziyyətini nəzərə alsaq onda Allahın ətası sayılmırmı bəşəriyyəti səbrə çağıran bu kinematoqraf. Əlbəttə ki, şüarlı-şüarsız, əslində kinonun bu gün missiyası sanki budur. Bu xüsusda dünyanın dörd tərəfindən insanları toplayıb, onlarla ümumi bir dildə, kino dilində danışan beynəlxalq festivalların rolu danılmazdır. Bir neçə misal çəkim. 
   1939-cu ildə Fransa məşhur Kann kinofestivalını keçirmək ərəfəsində II Dünya müharibəsi başladı. Qanlı-qadalı illər yaşayan Fransa müharibə bitən kimi ilk təxirəsalınmaz tədbir olaraq Kann beynəlxalq kinofestivalını reallaşdırdı; böyük qurbanlar vermiş xalqın yenidən cücərə biləcək arzularına gərək idi bu. Götürək elə Azərbaycanın “Arşın mal alan”ını. Böyük Vətən müharibəsinin ən ağır illərində, düşmənin Mozdoka gəlib çatdığı, Moskvanı təhlükə aldığı bir zamanda “Azərbaycanfilm”də çəkilən bu komediya müharibədən sonra Sovet İttifaqı ilə ticarət mübadiləsi olan bütün dövlətlər tərəfindən alınmışdı; çünki müharibədən sonra bütün dünyanın həyat eşqi aşılayan bu filmə ehtiyacı olmuşdu.
   Nə bilim, yəqin ki, bəşərin həyatında kinonun rolunu şişirtməkdə mənə irad tutan sənaye, kənd təsərrüfatı işçiləri, eləcə də insanların gündəlik tələbatını təmin edən çörəkbişirənlər belə az olmayacaq. Ancaq mən onlara özlərinin hər gün həvəslə baxdığı və sevdiyi kinodan danışıramsa, deməli, şişirtməkdən söhbət getməməlidir. Elə ona görə də heç nəyə rəng vermədən 21-28 aprel tarixində Tehranda baş tutmuş 35-ci Beynəlxalq Fəcr kinofestivalından söhbət açıram. Bəri başdan onu da vurğulayım ki, budəfəki festivala sevimli aktrisamız Həmidə Ömərovanın münsif olaraq dəvət edilməsi təşkilatçıların ölkəmizə, Azərbaycan kino sənətinə verdiyi önəmin bir göstəricisidir.
   Son illərdə İran-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub, ölkələrimiz arasında siyasi, mədəni və informasiya sahəsində dostluğu əks etdirən xeyli sənədlər imzalanır. Bu xüsusda mənim də festivala dəvət alan mətbuat nümayəndəsi olmağım bu sahədə obyektiv düz söz demək səlahiyyətlərimi artırırdı. Bəli, məhz düz söz demək. Çünki iki ölkənin münasibətlərinin çox incə mətləblərə söykəndiyini bilən bəzi qüvvələr bu münasibətlərə kölgə salmağa cəhd edirlər. Builki Fəcr kinofestivalı isə sanki bu kiçik qara kölgələrin üzərini işıqlandıraraq dünyanın dörd bir tərəfindən gələn kino sənətkarlarına münasibətlərimizin aydın gələcəyi olduğunu bəyan etmiş oldu.
   Tehranın böyük “Vəhdət” salonunda Tehran kapellasının ana dilimizdə ifa etdiyi “Sarı gəlin” mahnısı festivalın təntənəli bağlanış mərasimində səslənən üç musiqi nömrəsindən biri idi. Bəli, məhz “Sarı gəlin” həmən anda İran və Azərbaycan arasında bütün mövcud bağları möhkəmləndirən ilahi bir qüvvəyə çevrildi mənimçün. Bir də ki, “Sarı gəlin”imiz öz-özlüyündə ilahi musiqi parçası deyilmi. Mərasim bitəndən sonra festivalın direktoru Reza Mirkərimiyə yaxınlaşıb: “Azərbaycan kinosu 1996-cı ildə “Sarı gəlin” filmiylə Rotterdam Beynəlxalq kinofestivalının mükafatını qazansa da, “Sarı gəlini”mizi bu səviyyədə tanıtmamışdı dünyaya. Fəcr kinofestivalı bu gün bunu çox yüksək səviyyədə həyata keçirə bildi”,- deyə təəssüratımı bölüşdüm. Bəli, beynəlxalq miqyasda ermənilərin özününkü kimi təqdim etməyə çalışdığı “Sarı gəlin”imizin belə möhtəşəm təqdimatına görə Tehran festivalına minnətdarlıq etməyə dəyərdi... İranın mədəniyyət naziri Reza Salehi Əmiri tərəfindən müstəqillik və ümid festivalı deyə adlanan 35-ci Fəcr festivalına mən bir başqa deviz də yaraşdırardım. Sədaqət devizi. Çünki festivalda hara üz tuturdun - böyük kino sənətkarı Kiorastamini rəsm edən stendləri olan cansız divarlardan tutmuş bəyaz film pərdələrinə qədər - hər şeydə o vardı. Kiorastami 1979-cu ildə şah rejimi devriləndən sonra vətəni İranı tərk etməmiş sənətkarlardandır ki, deyərdi: “Barlı ağac kötüyünü torpaqdan qopararaq aparıb başqa yerə əksən, o, bar verməyəcək”. Ona görə də öz torpağına sədaqətiylə 35-ci Fəcr festivalında onun bar-bəhərinin payı çox idi. Bu festivalın gənc kinematoqrafçılarında gördüm Kirostamidəki vətənə bağlılığı.
   On səkkiz yaşından Parisə gedib kino təhsili alan, “İran ustadlarının gənc film yaradıcılarına təsiri” mövzusunda Sorbon Universitetində elmi iş üzərində çalışan Qəside Gülməkani yaradıcılığını reallaşdırmaqçün vətənə dönmüş, bir sıra sənədli və qısa filmləri ilə tanınmışdır. Onun “Sosial şəbəkə bazarlığı” adlı filmi festivalın beynəlmiləl bölümün “Ən yaxşı qısa filmlər” nominasiyası üzrə dəyərləndirilərək, “Gümüş Simurq” mükafatına layiq görüldü. Məhz bu keyfiyyətləriylə bu gözəl gənc qız xatirimdə İranın gənc siması olaraq qaldı.
   Ümumilikdə götürsək, İran qadınları öz intellektual səviyyələriylə çox seçilirlər - bu isə ilk növbədə onların öz torpaqlarına, onun qayda-qanunlarına sədaqətlərində əks olunur. Başlarını örtdüklərinə görə dünyanın qapalı deyə qəbul etdikləri bu xanımlar əslində öz xarici görkəmləriylə dövlətlərinin siyasi siması və müdafiəçisidirlər. Kinoya gəldikdə isə, kino üçün bunun nəyi pisdir ki... Mən çoxlu sayda istedadlı və gözəl aktrisalarımızı tanıyıram ki, açıq-saçıq səhnələr olan filmlərə çəkilməkdən imtina edib öz rollarını kənar ölkədən gəlmiş aktrisalara uduzmuşlar. Bu mənada İran ekranı tamaşaçı qarşısında həm xaricən, həm də mənən soğan qabığı kimi soyulmadan da obraz yaratmaq çərçivəsi yaradıb aktrisalarına. Bir də ki artıq tam qapalı baş örtüyü İran qadınının öz seçiminə buraxılır. Nəinki filmlərdə, həyatda da bunu müşahidə etmək olur. İranın məşhur aktrisası, bizimlə müştərək çəkilmiş “Nabat” filmində baş qəhrəmanı oynayan Fatime Mütamadiyenin başına örtdüyü xəfif ləçək onun zərif üz cizgilərinə bir məlahət qatmaqla yanaşı, həm də iranlı olduğunu nəzərə çatdırırdı...
   35-ci Beynəlxalq Fəcr kinofestivalı yaddaşıma Azərbaycan xalqına böyük hörmət və ehtiramla seçilən bir hadisə olaraq həkk olundu. Beş il bundan öncə bu festivala ilk dəvətim zamanı gördüyüm hörmətin min qat artığının şahidi oldum. Festival günlərindən biri, aprelin 25-i Həmidə Ömərovanın ad gününə təsadüf etdiyindən, bunu festival rəhbərinə xəbər verməyim bir bayram təntənəsinə səbəb oldu. Festival qonaqlarının Tehranın Qəzəli kino şəhərciyinə ziyarəti zamanı Azərbaycanın görkəmli kino sənətkarının ad günü tədbirinin keçirilməsi həm də ölkəmizə dostluq münasibətinin ifadəsiydi. İki göz lazım idi ki, Azərbaycan və İran nəğmələrinin sədaları altında rəqs edən avstraliyalı, yəmənli qonaqları görsün.
   Əlbəttə, bu xüsusda çox yazıb, danışmağı borc bilsəm də, hələlik bu qeydlərlə kifayətlənmək olar, məncə. Ancaq imkandan istifadə edib, İran İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş mədəniyyət attaşesi - İran Mədəniyyət Mərkəzinin rəhbəri Əsgər Farsiyə böyük zəhmət bahasına da olsa, Həmidə xanımın baş rolda çəkildiyi rejissor Kənan Musayevin “Zaman adlı qatar” filminin Fəcr festivalına çıxarılmasına imkan yaratdığı üçün təşəkkürümüzü bildirirəm. Filmin göndərilməsində gecikməyə yol verdiyimiz üçün festivala Kənan Musayevin filmi deyil, özü gedib növbəti Fəcr festivalı bazarına çıxmaq üçün əlaqələr yarada bildi. Ona görə də dost ölkəyə “gələn görüşlərədək” deyirik. Gülməkanini görmək, “Sarı gəlin”i yerli kapellanın canlı ifasında bir daha dinləmək ümidiylə.
   
   Sədaqət Kamal