İctimai Televiziyanın “Carçı-Film” yaradıcılıq birliyində “Döngələr” adlı yeni çoxseriyalı bədii televiziya filminin çəkilişləri başa çatmaq üzrədir. Bədii televiziya filminin ideya rəhbəri İTV-nin baş direktoru İsmayıl Ömərov, ssenari müəllifi yazıçı-publisist Rafiq Səməndər, quruluşçu rejissoru isə Cavid Təvəkküldür.
   Filmdə hadisələr ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq müasir dövrümüzə qədər respublikamızda baş verən hadisələri əhatə edir. Azərbaycanın dağ rayonlarından birində partiya komitəsinin birinci katibi vəzifəsində işləyən şəxsin təzadlarla dolu taleyindən bəhs edən filmdə insanın mənəvi keyfiyyətləri ön plana çəkilib. Baş rolları Xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Eldəniz Rəsulov, Aslan Qəhrəmanov, eləcə də aktyor Sovqat Səmədova canlandırıblar.