Mayın 10-da Fransanın Strasburq şəhərində Avropa Şurasının (AŞ) Mədəniyyət, İrs və Landşaft üzrə Rəhbər Komitəsinin 6-cı görüşü başlayıb. Avropa Mədəniyyət Konvensiyasını imzalamış 50 dövlətin nümayəndələrinin qatıldığı görüşdə komitənin üç əsas fəaliyyət istiqaməti müzakirə olunur. Toplantıda Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Nuriyyə Məmmədova iştirak edir.
   Görüşün əsas müzakirə mövzuları “Mədəniyyət, savadlılıq və demokratiya üzrə geniş məlumat bazasına olan tələbat” üzrə Tövsiyələrin ilkin layihəsi, AŞ-nin Landşaft Mükafatı Alyansı ilə bağlı Tövsiyələrin layihəsi, XXI əsr üçün yeni Avropa Mədəni İrs Strategiyasının implementasiyasıdır. Gündəlikdə duran digər mühüm məsələ “2018 - Avropa Mədəni İrs İli” ilə bağlı Avropa İttifaqı ilə əməkdaşlıqdır.
   Görüşün ilk günü “Mədəniyyət və insan hüquqları: Vroslav şərhləri” kitabının son nəşrinin təqdimatı olub. Kitab mədəni hüquqların dolğun lüğətidir.