Bakı Xoreoqrafiya Akademiyasının Azərbaycan dili və ədəbiyyat kafedrasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib.
   Kafedranın müdiri, filologiya üzrə fəlsəfə doktoru Vəfa Əliyev ulu öndərin Azərbaycan dilinin inkişafında böyük xidmətlərindən, onun milli dil siyasətindən söz açıb. Dosent Aypara Məmmədova dahi şəxsiyyətin nitq mədəniyyətindən bəhs edərək qeyd edib ki, Heydər Əliyevin natiqlik məharəti və nitq mədəniyyəti Azərbaycan xalqının mənəvi sərvətidir. 
   * * *
   Bakı Xoreoqrafiya Akademiyasının təşəbbüsü ilə Azərbaycan Milli İncəsənət Muzeyində ümummilli liderin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş bədii-musiqili gecə keçirilib.
   Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aygül Hüseynova, muzeyin şöbə müdiri Əminə Məlikova ümummilli lider Heydər Əliyevin zəngin ömür yolundan, Azərbaycan xalqı qarşısında xilaskarlıq missiyasından bəhs ediblər.
   Gecədə tələbələrin ifasında Sevil Əliyevanın “Xatirə”, F.Şopenin “Etüd”, “Polonez”, S.Raxmaninovun “Etüd-lövhə”, Əzizə Mustafazadənin “Şəhrizadın yuxusu”, Gülarə Əliyevanın “Rapsodiya” və s. əsərləri səsləndirilib.
   * * *
   Musiqi fənləri kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəylinin təşəbbüsü ilə yaponiyalı musiqi tədqiqatçısı, türk və Azərbaycan xalq musiqisinin, saz və tar kimi musiqi alətlərinin təbliğatçısı Kiyoshi Ohira Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub. 
   Qonağın BXA-nın beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq artisti Təranə Muradova ilə görüşündə Yaponiya və Azərbaycan arasında mövcud sənət əlaqələri, aşıq, musiqi və rəqs sənətləri barədə fikir mübadiləsi aparılıb. Görüşdə Milli rəqs kafedrasının müdiri, Əməkdar artist Sənan Hüseynli, BXA-nın İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, kulturoloq-yaponşünas Əbülfəz Babazadə, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səkinə Qaybalıyeva iştirak edib.
   Sonra Kiyoshi Ohira əməkdar artistlər Sənan Hüseynli və Səbinə Qasımovanın dərslərində iştirak edib, kiçik konsert proqramını dinləyib.
   Professor Nailə Rəhimbəyli qonağın tar ifaçılığı ilə maraqlandığına görə onun üçün sırf tar aləti ilə musiqi nömrələrinin hazırlandığını diqqətə çatdırıb.
   Akademiyanın İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadənin ifasında Səid Rüstəmovun "Oxu, tar", Tofiq Quliyevin "Qəmgin mahnı", Vasif Adıgözəlovun "Qərənfil" və digər əsərlər səsləndirilib.