“Müasir Azərbaycan ədəbiyyatı antologiyası” alman dilində nəşr olunacaq
   
   Almaniyanın “Verlag H.Y.Maurer” nəşriyyatının direktoru Hans Yurgen Maurer Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
   Mərkəzin direktoru Afaq Məsud Azərbaycanda alman ədəbiyyatına maraqdan bəhs edib, müxtəlif dövrlərdə Henrix Böll, Herbert Franke, Herman Hesse, Tomas Mann, Yohann Volfqanq Höte, Henrix Heyne, Patrik Züskind, Günter Qrass, Lion Feyxtvanger kimi məşhur alman ədiblərinin əsərlərinin Tərcümə Mərkəzi tərəfindən tərcümə edilərək, Azərbaycan oxucusuna tanıdılması qonağın diqqətinə çatdırılıb.
   Görüşdə daha sonra iki ölkə ədəbiyyatı arasında əlaqələr və Azərbaycan ədəbiyyatının Almaniyada tanıdılması istiqamətində böyük əhəmiyyət kəsb edəcək “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın Frankfurtda nəşri, eləcə də kitabın Frankfurt Beynəlxalq kitab sərgisində təqdimatı, Almaniya və Avstriyanın aparıcı kitabxanalarına paylanmasına dair fikir mübadiləsi aparılıb.