Habil Əliyevin 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi
   
   Mayın 30-da Beynəlxalq Muğam Mərkəzində milli musiqi sənətinin görkəmli nümayəndəsi, məşhur kamança ifaçısı, Xalq artisti Habil Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi.
   Əvvəlcə sənətkarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olundu.
   Yubiley gecəsinin aparıcısı Əməkdar incəsənət xadimi İlham Rəhimli tədbiri açıq elan edərək Habil Əliyevin Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərindən danışdı. Bildirdi ki, muğam ifaçılığı ənənələrinin və xalq musiqisinin saflığının qorunmasını həyatı boyu öz sənət fəaliyyətinin başlıca qayəsi hesab etmiş Habil Əliyev Azərbaycanın milli mənəvi və mədəni dəyərlərinin həqiqi təəssübkeşi idi. Onun milli mədəniyyətə xidmətin parlaq nümunəsi olan sənət yolu gənc musiqiçilər nəsli üçün əsl məktəbdir. 
   Qeyd olundu ki, milli mədəniyyətin inkişafı və təbliği sahəsində mühüm nailiyyətlərinə görə Habil Əliyev müxtəlif təltiflərə, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.
   Daha sonra çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə vurğuladı ki, ötən əsrin 50-ci illərinin sonunda böyük sənət aləminə qədəm qoyduğu ilk vaxtlardan geniş dinləyici auditoriyasının məhəbbətini qazanan Habil Əliyev qədim Azərbaycan musiqi aləti kamançada xalq mahnılarının, muğam və təsniflərin nadir istedada malik ifaçısı kimi şöhrət tapıb. O, ömrünün sonunadək ifaçılıq sənətini daim təkmilləşdirərək Azərbaycan muğamının çoxəsrlik ənənələrini layiqincə davam etdirib. Sənətkarın istedadı ölkəmizdə həm kamança məktəbinin püxtələşməsinə, həm də kamança üçün yeni əsərlərin yaradılmasına təkan verib. 
   Qeyd edildi ki, Habil Əliyev muğam kompozisiyalarının yaradıcısı və improvizasiya ustası idi. Geniş repertuarlı musiqiçi “Segah”, “Şur”, “Çahargah”, “Rast”, “Mahur”, “Zəminxarə”, “Bayatı-Qacar”, “Bəstənigar” muğamlarının yeni ifa tərzini formalaşdıraraq novatorluqla ənənənin sintezinə nail olub. 
   Xalq şairi Nəriman Həsənzadə çıxış edərək bildirdi ki, Şərqin qocaman sənətkarlarına xas dərin musiqi duyumunun virtuoz ifa tərzi ilə ahəngdar vəhdətində Habil Əliyev özünəməxsus səs tembrinə malik kamançanın təsirli avazına yeni guşələr, xallar və rənglər qatmaqla onun imkanlarını görünməmiş yüksəkliklərə qaldırıb. Daim ciddi yaradıcılıq axtarışları aparmış novator sənətkarın musiqi xəzinəmizi zənginləşdirən həzin və əsrarəngiz ifaları Azərbaycan mədəniyyətinə sanballı töhfə olub, milli musiqi salnaməsində müstəsna yer tutur. 
   Qeyd olundu ki, təkrarolunmaz ifaçılıq məharəti, mənəvi aləmə nüfuz etmək bacarığı və yüksək səhnə mədəniyyəti Habil Əliyevin qüdrətli sənətini musiqi bilicilərinə və saysız-hesabsız muğam pərəstişkarlarına sevdirib. 
   Tədbir daha sonra konsert proqramı ilə davam etdi. Xalq artistləri Aygün Bayramova "Segah" təsnifi, Mənsum İbrahimov "Həkim qız", Naxçıvan MR-in Əməkdar artisti Ehtiram Hüseynov "Şəhla gözlüm" və başqaları muğam və təsniflər ifa etdilər.
   
   Fariz Hüseynov