Dünya opera ulduzu Anna Netrebko həyat yoldaşı, tanınmış tenor Yusif Eyvazov ilə birlikdə yeni albom yazdırıb. Anna Netrebkonun rəsmi saytında yayılan xəbərdə deyilir ki, «Romanza» adlı alboma cütlüyün ifa etdiyi sevgi və romantika dolu vokal nömrələri daxildir. 
   Bir diskdə müasir rus estrada bəstəkarı İqor Krutoyun qadın və kişi ifaları, həmçinin duet üçün yazılmış 18 mahnısı toplanıb. Bəstəkar həmin mahnıları italyan, fransız, rus və ingilis dilində olan mətnlərə yazıb. İkinci diskdə isə Anna Netrebkonun əvvəlki səs yazıları, o cümlədən C.Puççini, C.Verdi, İ.Kalman, E.Qriq, A.Dvorjak, S.Raxmaninov, R.Ştraus, P.Çaykovski və başqalarının əsərlərindən məşhur ariyalar yer alıb. 
   «Romanza» sentyabrın 1-dən satışda olacaq. 
   
   G.Mirməmməd