Paris meriyasında “Ələddin” layihəsi və UNESCO-nun birgə təşkilatçılığı ilə “Avropa və Aralıq dənizi gəncləri ekstremizm və dözümsüzlüyə qarşı. Gələcək üçün hansı imkanlar?” mövzusunda konfrans keçirilib.
   Konfransda ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov, UNESCO baş direktorunun müavini Getaçev Engida, BMT-nin soyqırımının qarşısının alınması üzrə xüsusi məsləhətçisi Adama Dieng, Malinin iqtisadiyyat və maliyyə naziri Bubu Sise, ekspertlər, eləcə də “Ələddin” layihəsi və UNESCO ilə tərəfdaşlıqda 2016-cı ildə Bakıda və Qubada keçirilmiş yay universitetinin tələbələri iştirak ediblər.
   “Ələddin” layihəsinin icraçı direktoru Abe Radkin layihə çərçivəsində təşkil olunan yay universitetləri haqda məlumat verərək, gənclər arasında mədəniyyətlərarası dialoqun təşviqində onların rolunu qeyd edib və Azərbaycan hökumətinə 2016-cı ildə Bakıda və Qubada yay universitetinin təşkilinə görə təşəkkürünü bildirib.
   Ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov ekstremizmə qarşı mübarizənin vacibliyini vurğulayaraq, bu istiqamətdə “yumşaq güc”dən (“soft power”) istifadə etməyin əhəmiyyətini qeyd edib. Bildirib ki, ekstremizmin qarşısı təhsil vasitəsilə alınmalıdır və bu baxımdan UNESCO ən uyğun təşkilatdır. O, Azərbaycanın tarixən tolerant ölkə olduğunu vurğulayaraq, onun mədəniyyətlərarası dialoqda oynadığı roldan söz açıb.
   A.Kərimov ölkəmizin bu sahədə apardığı siyasətin nümunəsi kimi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə “Bakı prosesi” təşəbbüsünü irəli sürdüyünü qeyd edərək, hər iki ildən bir Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyini diqqətə çatdırıb.
   Sonda “Ələddin” layihəsi çərçivəsində Bakıda və Qubada keçirilmiş yay universitetindən danışılıb və növbəti yay universitetinin 2017-ci ildə yenə Azərbaycanda keçiriləcəyi bildirilib.
   UNESCO baş direktorunun müavini Getaçev Engida bu il 5-6 may tarixində Bakıda keçirilmiş Dünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında ətraflı danışaraq, ölkəmizə mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib.
   Ekspertlərin iştirakı ilə keçirilmiş panel müzakirələrində Azərbaycanda 2016-cı ildə təşkil edilmiş yay universitetinin tələbələri yay universiteti çərçivəsində gördükləri işlər barədə ətraflı məlumat verərək ölkəmiz haqqında xoş təəssüratlarını bölüşüblər.
   Sonda “Ələddin” layihəsinin 10 illik yubileyinə həsr edilmiş qala-şam yeməyi verilib. Fransanın sabiq Prezidenti N.Sarkozi, UNESCO-nun baş direktoru İ.Bokova, Paris şəhərinin meri A.İdalqo, Fransanın keçmiş mədəniyyət naziri A.Azule və digər tanınmış şəxslər şam yeməyində iştirak ediblər.