Mədəniyyət və Turizm Nazirliyi respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə mütəmadi olaraq müxtəlif ixtisaslar üzrə ustad dərsləri təşkil edir. 2015-2016-cı illərdə fortepiano, violin, tar, kamança, saz, qarmon, xanəndəlik, musiqi nəzəriyyəsi, xor dirijorluğu ixtisasları üzrə ustad dərsləri keçirilib.
   Bu işin davamı olaraq, iyunun 2-də Sumqayıt şəhərində Xızı, Qubadlı rayon və Sumqayıt şəhər, 3 iyun tarixində Abşeron rayonunun Xırdalan şəhərində Abşeron, Şuşa və Zəngilan rayon uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün fortepiano, violin, tar, kamança və musiqi nəzəriyyəsi ixtisasları üzrə ustad dərsləri təşkil olunub. Ustad dərslərini Bakı şəhər R.Behbudov adına 2, Niyazi adına 22, G.Şaroyev adına 35 nömrəli və Abşeron rayon Xırdalan şəhər uşaq və onbirillik musiqi məktəblərinin təcrübəli müəllimləri aparıb.