İyunun 7-də Beynəlxalq Muğam Mərkəzində caz layihəsi təqdim olunacaq. Tədbir Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyi, Fransa və Belçikanın ölkəmizdəki səfirliklərinin dəstəyi ilə reallaşacaq.
   Beynəlxalq caz layihəsində Türkiyə, Fransa və Belçikanın dünyaca məşhur musiqiçiləri iştirak edəcəklər. Azərbaycanı isə istedadlı cazmen və bəstəkar Elçin Şirinov təmsil edəcək.
   İlk olaraq “Önder Focan ve Şalliel Bros” qrupu konsert verəcək. Türkiyənin məşhur caz ifaçısı 90-dan artıq beynəlxalq festivalda iştirak edib. Onun “Funkbook” albomu ilk olaraq Bakıda təqdim olunacaq.
   Daha sonra isə Elçin Şirinovun rəhbərlik etdiyi Azərbaycan-Fransa-Belçika caz triosunun - Elçin Şirinov, Linley Marte və Stefan Qallandın konserti baş tutacaq. Tamaşaçılar müxtəlif ifa üslubları ilə tanış olacaq, mədəniyyətlərin unikal musiqi sintezindən zövq ala biləcəklər.