İyunun 5-də Azərbaycan Bəstəkarlar İttifaqında Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin 70 illik yubileyinə həsr olunmuş musiqi festivalı çərçivəsində elmi konfrans keçirildi. 
   Konfransda öncə ittifaqın katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Firəngiz Əlizadənin rolu” mövzusunda məruzə ilə çıxış etdi. Qeyd edildi ki, müxtəlif adlara və titullara layiq görülən Firəngiz Əlizadə Azərbaycan musiqisini dünyada tanıdan bəstəkarlardan biridir. O, ilk əsərlərindən başlayaraq son illərdə yazdığı əsərlərə qədər fitri istedadını göstərib və hər bir əsərdə öz sözünü deyir. Bu gün onun yaradıcılığı gənc musiqişünaslar üçün bir örnəkdir. O, pedaqoji fəaliyyətlə də məşğul olub, musiqişünas kimi dolğun məqalələr müəllifidir. Məruzədə 2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edən Firəngiz Əlizadənin ictimai fəaliyyətindən və hər zaman gənc bəstəkarlara göstərdiyi diqqət və qayğıdan da bəhs edildi.
   Sonra çıxış edən Əməkdar incəsənət xadimi, Türkiyənin Qazi Universitetinin professoru Əflatun Nemətzadə Firəngiz Əlizadənin qardaş ölkədəki fəaliyyət dövründən danışdı. Bildirdi ki, 1992-ci ildə Firəngiz xanıma Türkiyə dövləti tərəfindən “Boş beşik” baletinin yazılması sifariş olunub. Mersin Opera və Balet Teatrının açılışı münasibətilə səhnəyə qoyulan üçpərdəli əsər böyük uğur qazanıb. Natiq onu da diqqətə çatdırdı ki, Firəngiz Əlizadə Türkiyədə ilk professional balet yazan bəstəkardır. Türkiyə hökumətinin xahişi ilə Firəngiz xanım qardaş ölkədə bir neçə il fəaliyyət göstərib, 1997-ci ilədək Mersin Opera və Balet Teatrında və Mersin Konservatoriyasında professor vəzifəsində çalışıb. 
   Konfransda daha sonra Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva, professor İmruz Əfəndiyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lətifəxanım Əliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və digər məruzəçilər yubilyarın çoxşaxəli yaradıcılığından, beynəlxalq festivalların və konsert layihələrinin bədii rəhbəri kimi fəaliyyətindən söz açdılar. Vurğulandı ki, müasir dövrümüzdə Firəngiz Əlizadə yaradıcılığı klassik musiqi janrında Şərqlə Qərb arasında “mədəniyyət körpüsü” missiyasını yerinə yetirir. 
   Konfrans müzakirələrlə davam etdi. Tədbirdə Türkiyədə yaşayan gənc musiqişünas Mehriban Əliyevanın bəstəkarın yubileyinə hədiyyə etdiyi kitab təqdim edildi.
   
   Lalə Azəri