“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi UNESCO-nun maliyyə dəstəyi ilə “Qadınlar yaradır: Azərbaycanda gender bərabərliyi və qadınların uğurlarına dair yaradıcı söhbətlər” layihəsinin icrasına başlayıb. 
   UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının tövsiyəsi ilə reallaşan layihə çərçivəsində 17 ədib və 17 gənc rəssam qadının iştirakı ilə dördgünlük seminarların təşkili nəzərdə tutulur. Seminarlara ABŞ-ın Kaliforniya Universitetinin müəllimi, şair-tərcüməçi Əlison Məndəvil və ictimai birliyin sədri Şəhla Nağıyeva rəhbərlik edir.
   İyunun 2-də uşaqların hərtərəfli inkişafına dəstək üçün yaradılan “Sevimli bala” MMC-nin “Talaent studo”sunda start götürən ilk seminarda gənc yaradıcı qadınların müxtəlif mövzularda diskussiyaları təşkil edilib, yazıçı ilə rəssamın birgə təxəyyülünün məhsulu olan əsərlərin yaradılması barədə fikir mübadiləsi aparılıb. 
   Növbəti seminarlar zamanı müasir Azərbaycan qadınının iş yerlərində, ictimai fəaliyyət sahəsində qazandığı uğurlar, eləcə də cəmiyyət qarşısında öhdəlikləri barədə müzakirələr aparılacaq, hər kəs bu mövzuya öz yaradıcı baxışını yeni əsərində əks etdirəcək.
   Payızda layihənin yekun mərhələsində seminarlar zamanı yaradılan rəsmlərin sərgisi və bədii nümunələrin oxu gecəsi təşkil ediləcək. Sonda ingilis dilinə tərcümə ediləcək əsərlərdən, eləcə də seminarlar zamanı çəkilən rəsmlərdən ibarət kitab-albom nəşr olunacaq. Kitab-albom Bakıda fəaliyyət göstərən xarici ölkə səfirliklərinə, eləcə də beynəlxalq təşkilatların nümayəndəliklərinə hədiyyə ediləcək. Nəşrin ABŞ-da yayılması təmin olunacaq, habelə elektron versiyası internet resurslarında yerləşdiriləcək.
   “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda gender bərabərliyi məsələsini qabartmaq, gənc qadınların yaradıcı potensialının inkişafına dəstək olmaqdır.
   Qeyd edək ki, “Qadınlar yaradır” layihəsi UNESCO-nun “Üzv dövlətlərin 2016-2017-ci illər üzrə İştirak Proqramı” çərçivəsində həyata keçirilir.