Azərbaycan Dövlət Uşaq Filarmoniyasının qala-konserti
   
   İyunun 7-də Azərbaycan Dövlət Uşaq Filarmoniyası Gənc Tamaşaçılar Teatrının səhnəsində ənənəvi hesabat konsertini təqdim edib.   
   Qala-konsertin proqramı zəngin və rəngarəng idi. Multikultural dəyərlərə hər zaman xüsusi diqqətlə yanaşan Dövlət Uşaq Filarmoniyası bu dəfə də xalq rəqsləri, Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, dünya xalqlarının rəqs və mahnılarına da müraciət etmişdi. 
   Proqram Eldar Mansurovun “Azərbaycan süitası” ilə başlayıb. Səhnəyə ilk olaraq qız və oğlanlardan ibarət rəqs ansamblı çıxıb. Sonra bir-birinin ardınca konsertin bütün iştirakçıları möhtəşəm çıxışlarını tamaşaçılara təqdim edib. 
   200 uşağın iştirakı ilə baş tutan tədbirdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs ansamblı, “Şəms” uşaq xoru, eləcə də Uşaq xor kapellası da çıxış edib. 
   Uşaqların çıxışları ilə yanaşı geyimlərini də qeyd etmək lazımdır. Uşaq Filarmoniyasının rəhbəri, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva tərəfindən bu məsələyə həmişəki kimi xüsusi diqqət ayrılmış, Azərbaycan rəqslərində istifadə olunan geyimlərin ornamentlərindən tutmuş Avropa xalq rəqsləri ifa olunan geyimlərdəki kiçik detallara qədər hər bir element incəliklə nəzərə alınmışdı.
   “Uşaqlardan uşaqlara” konserti bütün iştirakçı və izləyicilərə xoş anlar, zəngin təəssürat yaşatdı.