Beynəlxalq Muğam Mərkəzində reallaşan “Muğam axşamları” layihəsi çərçivəsində növbəti konsert “Segah” muğamına həsr olunub.
   Mərkəzdən bildirilib ki, muğamın müxtəlif şöbələrini xalq çalğı alətləri ansamblının müşayiəti ilə dinləyicilərə Xalq artisti Zabit Nəbizadə, xanəndələr Kamilə Nəbiyeva və Mirələm Mirələmov çatdırıblar.
   “Segah” muğamı Azərbaycanın ən çox sevilən yeddi əsas muğamından biridir. Azərbaycan muğamları içərisində “Segah” ən geniş yayılmış və sanballı dəstgahlardandır. “Segah” muğamı ailəsinə “Orta segah”, “Xaric segah”, “Mirzə Hüseyn segahı”, “Zabul segah”, “Haşım segahı” və “Yetim segah” daxildir.
   Xanəndələr və musiqiçilər tərəfindən böyük məharətlə, ustalıqla təqdim olunan muğamın ifası salonda güclü emosional ovqat yaradaraq, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və dəfələrlə alqışlarla müşayiət olunub.
   Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsinə may ayında start verilib. İyunun 13-də keçiriləcək növbəti konsertdə musiqisevərlər “Çahargah” muğamını dinləyəcəklər.