Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, Əməkdar artist, Prezident mükafatçısı Nərgiz Kərimova 10-11 iyun tarixində Ukraynada keçiriləcək “OFEST 2017” Beynəlxalq opera, operetta və müzikl festivalında ölkəmizi təmsil edəcək. 
   Sayca beşinci olan festival Kiyev Akademik Operetta Teatrında gerçəkləşəcək. Tədbirə dünyanın bir sıra ölkələrinin tanınmış sənətçiləri qatılacaq.
   Əməkdar artist Nərgiz Kərimova İmre Kalmanın “Silva” operettasından Silvanın ariyasını alman dilində, Silva ilə Edvinin duetini isə ukraynalı vokalçı ilə Ukrayna dilində ifa edəcək. Ötən il də bu beynəlxalq festivalda iştirak edən N.Kərimova dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını və İmre Kalmanın “Maritsa” əsərindən Maritsanın ariyasını ifa etmişdi.