Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilən “Muğam televiziya müsabiqəsi-2017” yekunlaşıb. Üç ay müddətində gənc xanəndələrin yarışdığı müsabiqənin final mərhələsi iyunun 12-də Heydər Əliyev Mərkəzində gerçəkləşib.
   Altıncı “Muğam televiziya müsabiqəsi”nin final mərhələsində 7 xanəndə - Nurlan Namazov, Səma Sultanova, Valid Abdullayev, Rəvanə Əmiraslanlı, Məcid Əsri, Almaxanım Əhmədli, Pərviz Qasımov ifalarını təqdim ediblər.
   Sonra münsiflər heyətinin üzvləri - xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Əməkdar incəsənət xadimləri Sərdar Fərəcov və Nadir Axundov qalibləri müəyyənləşdirmək üçün məşvərət otağına dəvət olunublar.
   Münsiflər heyətinin qərarı ilə Almaxanım Əhmədli VI “Muğam televiziya müsabiqəsi”nin baş mükafatına - Qran-priyə layiq görülüb.
   Gənc xanəndə Pərviz Qasımov müsabiqədə birinci yeri qazanıb. Xanəndəyə həm də “Tamaşaçı alqışı” mükafatı təqdim olunub.
   İkinci yeri Səma Sultanova və Rəvanə Əmiraslanlı, üçüncü yeri isə Nurlan Namazov, Valid Abdullayev və Məcid Əsri tutublar.
   Qaliblərə mükafatları münsiflər heyətinin üzvləri təqdim ediblər.
   Mükafatlandırılmadan sonra çıxış edən Xalq artisti Əlibaba Məmmədov muğam sənətinin inkişafına verdiyi yüksək dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya münsiflər heyəti adından dərin təşəkkürünü bildirib.
   Daha sonra qalib xanəndələr “Qarabağ şikəstəsi”ni və Azərbaycan Respublikasının Dövlət himnini ifa ediblər.