İyunun 8-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 37 nömrəli Uşaq musiqi məktəbinin 25 illik yubileyi ilə əlaqədar hesabat konserti keçirilib.
   Tədbirdə əməkdar artistlər Teyyub Aslanov, Əliağa Sədiyev, İsmayıl Həmidov, Vamiq Məmmədəliyev, Mirnazim Əsədov, paytaxtın musiqi və incəsənət məktəblərinin direktorları, digər qonaqlar iştirak ediblər.
   Aparıcı konsert proqramını açıq elan edərək, məktəbin fəaliyyəti, qazanılan nailiyyətlər barədə danışıb.
   Konsertdə məktəbin istedadlı şagirdlərinin ifasında Azərbaycan və xarici bəstəkarların əsərləri - F.Bədəlbəylinin “Dəniz”, R.Hacıyevin “Azərbaycanım”, S.Ələsgərovun “Aşıqsayağı”, F.Sücəddinovun “Vətən balladası”, V.A.Motsartın “Serenada”, O.Novaçekin “Perpetuum mobile” və başqa əsərlər, “Orta şəşəngi”, “Şahsevəni” saz havaları səsləndirilib.
   Sonda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vuqar Zeynalov məktəbin kollektivini təbrik edərək, onlara uğurlar arzu edib. Yubiley münasibətilə məktəbin direktoru Möhüb Babayevə fəxri fərman təqdim edilib.